KÜRDƏXANI TƏCRİDXANASINDAN MƏKTUB VAR

Elşad Təhməzov Prezidentə müraciət etdi: "Ədalətsiz istintaqın qurbanına çevrilən bir şəxsəm"

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təhməzov Elşad Şakir oğlunun Xural.org-a məktub-müraciəti daxil olub. Müraciətdə Elşad Təhməzov başına gətirilən işgəncə və ədalətsizliklərdən bəhs edir və ictimaiyyətdən kömək istəyir. Xural.org Elşad Təhməzovun məktubunu dərc edir və bəyan edir ki, məktubda adı şəkilən qurumların və şəxslərin də cavab haqqını dərc etməyə hazırdır.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

VƏ AZƏRBAYCAN İCTİMAİYYƏTİNƏ AÇIQ MƏKTUB

Müraciət edən:
Təhməzov Elşad Şakir oğlu
(Bakı İstintaq Təcridxanasında saxlanılan, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs)

Tarix: 24 oktyabr 2025-ci il

Cənab Prezident, hörmətli ictimaiyyət!

Mən, Təhməzov Elşad Şakir oğlu, illərlə dövlətinə və qanunlarına hörmətlə yanaşmış, Cəlilabad rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş bir Azərbaycan vətəndaşıyam.
Bu gün isə mən qanunsuzluqlara qarşı şikayət etdiyimə görə işgəncəyə məruz qalan, şərlənərək həbs edilən və ədalətsiz istintaqın qurbanına çevrilən bir şəxsəm.
Mənim azyaşlı övladlarım aylardır atasını görmür.
Ədalət istədiyim üçün bu gün buradayam.

Hörmətli həmvətənlərim!

Bu məktubu təkcə özüm üçün deyil, sabah eyni vəziyyətə düşə biləcək hər bir ata, ana, övlad üçün yazıram.

1. Qanunsuzluğun başlanğıcı – dövlət orqanına şikayət

2025-ci ilin fevralında mən Cəlilabad RPŞ rəisi Polad Qarayevin qanunsuz hərəkətləri barədə DİN-in “102” xidmətinə rəsmi qaydada müraciət etmişdim.
Bu müraciətin “102” sistemində qeydiyyat nömrəsi və çıxarışı iş materiallarına əlavə olunub. Məni DİN-ə bu şikayətimin araşdırılması üçün dəvət etdilər. Bu barədə Polad Qarayevə məlumat verildi və müavini Cavid Məmmədov Polad Qarayevin göstərişi ilə, vatsap vasitəsilə şikayətimdən imtina etməyimçün gün boyu zəng etdi, lakin fikrimdən dönmədim.

Ertəsi gün – 22 fevral 2025-ci il, saat 16:40-da mən aralarında mülki geyimli şəxslər də olan 10 nəfərə yaxın polis tərəfindən, yaşadığım ünvandan çıxıb nazirliyə getməkçün taksi dayanacağına yaxınlaşdığım yerdə, oğurlanaraq Yasamal RPİ-yə aparıldım.
Bu şəxslərdən dördü — Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri Elnur Kərimov, Müzəffər Əliyev və Rüstəm Abdullayev barəsində, habelə istintaqı aparan müstəntiq Orxan Süleymanlı barəsində, cinayət işinin məhkəməyədək icraatı zamanı prosessual qanunvericiliyin kobud şəkildə pozulmasına görə Yasamal Rayon Məhkəməsi tərəfindən ayrıca XÜSUSİ QƏRARLAR qəbul edilərək icrası üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim edilmişdir. Daha sonra 22.09.2025-ci il tarixli XÜSUSİ QƏRARLA müstəntiq Orxan Süleymanlının əsassız olaraq həbs qətimkan tədbirinin müddətini uzatması da ayrıca hüquqi araşdırma predmeti kimi qiymətləndirilməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

Bu qərarların hər biri dövlətin öz rəsmi məhkəmə orqanları tərəfindən cinayət işi üzrə aparılan əməliyyat və istintaqın qanunsuz və saxtalaşdırma elementləri ilə həyata keçirildiyinin rəsmi təsdiqidir. Bu isə prosessual hüquq pozuntusu deyil, artıq Cinayət Məcəlləsinin 299-cu maddəsində nəzərdə tutulan səviyyədə sübutların qərəzli şəkildə saxtalaşdırılması faktıdır.

Belə olan halda — CPM-in 125.1-ci maddəsinə əsasən, qanunsuz yolla əldə edilmiş sübutların hüquqi qüvvəsi olmadığı rəsmi şəkildə təsbit edilərkən, istintaqın davam etdirilməsi və xüsusilə həbs qətimkan tədbirinin uzadılması hüquqi baxımdan tamamilə əsassızdır.

Əksinə — sürətli bəraət hökmü çıxarılması və hüquq pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunması tələb edilirdi.

Dövlətin özü qanunsuzluğu aktlaşdırıb. Amma məhkəmə prosesi məqsədli şəkildə uzadılır (30–35 günlük fasilələrlə).

Bu isə müdafiənin hüquqlarının tamamilə pozulması, məhkəmənin qərəzli davranışı və sifariş ehtimalının gücləndiyini açıq göstərir.

Bu işdə

* sübut yoxdur
* qanunsuzluq məhkəmə qərarları ilə təsdiqlənib
* lakin təqsirsizlik prezumpsiyası yox sayılaraq 8 ay qanunsuz həbs davam etdirilir

Əgər məhkəmə özü qanunsuzluqları təsdiqləyirsə, amma eyni zamanda həmin qanunsuzluqların qurbanını həbsdə saxlayırsa — bu, artıq tək bir insana qarşı zorakılıq deyil, hüquq sisteminə qarşı zərbədir.

2. İşgəncə və prosessual saxtakarlıq

İdarəyə aparıldıqdan sonra mən 2 saatdan çox fiziki və elektrik cərəyanı tətbiqi ilə işgəncəsinə məruz qaldım. İşgəncə nəticəsində bədənimdə yaranmış xəsarətləri təsdiq edən tibbi sənədlər (müayinə aktları) iş materiallarında mövcuddur.

Telefonum əlimdən alındı, kodu açmadığım üçün saatlarla işgəncə verildi, barmaqlarım, biləklərimdə müşahidə edilən izlər də tibbi rəydə öz əksini tapıb, nəhayət tefefonda olan sübutların izini itirməkçün yerə çırpılaraq sındırıldı.
Buna baxmayaraq, saxta protokollarda guya “geri qaytarılıb” kimi qeyd aparılıb.

Mən dəfələrlə vəkilimlə əlaqə saxlamaq istədiyimi bildirdim, lakin bu hüquqdan məhrum edildim.
Yalnız saat 21:00-da dövlət hesabına vəkil Əhmədov Nofəl Mülazim oğlu gətirilib, amma onun iştirakı da formal xarakter daşıyıb, onun iştirakı ilə zor tətbiqi davam edib.
Bu müddət ərzində mənim adımla saxta protokollar tərtib edilərək “üzərində narkotik tapıldı” kimi tam uydurma aktlar imzalatdırılıb.
Əməliyyat zamanı heç bir hal şahidi iştirak etməyib, məhkəməyə video orijinal çəkiliş yox, kəsiklərlə, montajlanmış təqdim edilib, fotoqeydlər aparılmayıb.

Mənim izahat və ifadələrim işgəncə, fiziki və psixoloji təzyiq altında alınmışdır ki, bu da Cinayət Prosessual Məcəlləsinin 20.3 və 125.3-cü maddələrinə ziddir, belə ifadələrin sübut kimi qəbul edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası BMT-nin “İşgəncələrə qarşı Konvensiyası”nın (1984) və Avropa İnsan Hüquqları Konvensiyasının 3 və 6-cı maddələrinin iştirakçısıdır. Mənim işimdə bu prinsiplərin hər biri pozulmuşdur.

3. Sübut yoxdursa, ittiham nəyə əsaslanır?

İstintaq materiallarında və ittiham aktında:

“Tapıldığı” iddia olunan maddənin mənə aid olduğunu sübut edən heç bir DNT, barmaq izi və ya şahid ifadəsi yoxdur;

Ekspertiza sənədi mənim narkotik istifadəçisi olmadığımı təsdiqləyir;

Həmin maddəni üzərimdə saxlama motivi ittiham aktında ümumiyyətlə göstərilməyib.

Bütün bunlara baxmayaraq, istintaq işi iki dəfə sübut yetərsizliyi səbəbi ilə qaytarıldığı halda, üçüncü dəfə eyni materiallarla məhkəməyə göndərilməsi prosessual rəhbərliyin də məsuliyyətini aktuallaşdırır.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun icraatındadır.

Lakin məhkəmə prosesi əsassız və uzun müddətə ləngitmə (təxirlər 30-35 gün) şəkildə uzadılır, vəsatətlər oxunmur, mənə çıxış hüququ verilmir.
Hakim tərəfindən mənə “sən mənə problem yaradırsan? ”, ” bugün işim çoxdur təxirə alıram, baxarıq” kimi ifadələrin işlədilməsi məhkəmənin qərəzli olduğunu açıq göstərir.

Cəlilabad rayon polis şöbəsinin rəisi Polad Qarayev

 

İşin prosessual davranışında müşahidə olunan ziddiyyətlər və məhkəmənin obyektiv mövqe sərgiləməməsi, işin sifariş, yəni Cəlilabad rayon polis şöbəsinin rəisi POLAD QARAYEVİN şəxsi qərəz və qisas xarakterli olduğuna dair bir daha əsaslı şübhələr doğurur.

Mən inanırdım ki, istintaqın qərəzli və formal yanaşması mərhələsi arxada qalacaq, iş məhkəməyə ötürüldükdən sonra faktlar və sübutlar obyektiv şəkildə qiymətləndiriləcək və mən ədalətli bəraət qərarı ilə azadlığıma qovuşacağam.
Təəssüf ki, bu baş vermədi — məhkəmə iclasında da qərəz və əsaslandırılmamış mövqe ilə üzləşdim.
İş materiallarında mənim təqsirimi sübuta yetirəcək heç bir hüquqi və maddi dəlil olmadığı halda, istintaq orqanı sübut çatışmazlığını ört-basdır etmək məqsədilə “müxalifətçi mövqedə olması” kimi əsassız və sübut olunmamış iddialara istinad etmişdir.
Lakin bu iddia da hüquqi baxımdan təsdiqini tapmadığı üçün, görünür, məhkəmə instansiyası üzərində inzibati və qeyri-prosessual təsir cəhdlərinin reallaşması da çətinləşmişdir.

 

4. Dövlət məhkəməsinin özü qanunsuzluqları təsdiqləyib

Yasamal Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, İş N 4(004)-175/2025 saylı xüsusi qərarında göstərilib ki:

“Şübhəlinin tutulduğu yerdə sübut əhəmiyyətli əşyalar götürülməmiş, video qeyd aparılmamış, protokol tərtib edilməmiş, götürmə idarə daxilində formalaşdırılmışdır.”

Eyni zamanda qeyd edilmişdir ki. Sitat: “Göründüyü kimi, Azerbaycan Respublikası Cinayət Mecəllesinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən sexs Təhməzov Elșad Şakir oğlundan Bakı şəhəri Yasamal CAȘ-in, əməliyyat müvəkkilləri Elnur Kərimov, Müzəffər Əliyev və Rüstəm Abdullayev tərəfindən tutulduğu yerdə sübut ahəmiyyətin malik ola biləcək predmetlər götürülməmiş, o cümlədən sübut əhəmiyyəti ola biləcək materiallarin götürülməsi zamanı aməlliyat-axtarış tıdbirini keçirməye müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmamış, həmin videoyazi elektron dasıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməmiş, həmçinin ətrafli raport ve yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiș “əməliyyat-axtarış tədbiri, sübhəli şəxsin üstünün yoxlanılması va əşyaların götürülməsi haqqında protokol (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş șəxs tərəfindən tərtib edilməmişdir.”

Yasamal rayon məhkəməsinin hakimləri Rauf Daşdəmirovun və Mirsadiq Seyidovun çıxardığı ümumilikdə üç xüsusi qərarlarının məzmunu göstərir ki, istintaq orqanları tərəfindən cinayət-prosessual qanunlar kobud şəkildə pozulub.

Bu halda CPM-nin 125.1-ci maddəsinə görə belə sübutlar qanunsuz yolla əldə edilmiş hesab olunur və məhkəmədə hüquqi qüvvəyə malik deyil.
Qanunvericiliyə əsasən, sübutların əldə edilməsi yalnız hadisə yerində və hal şahidlərinin iştirakı ilə mümkündür. Mənim işimdə “sübut” adlandırılan maddə istintaq idarəsinin binasında “tapılmış” kimi rəsmiləşdirilib, bu da Cinayət Məcəlləsinin 299-cu maddəsinə (sübutların saxtalaşdırılması) uyğun cinayət tərkibi yaradır.

Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, iş materiallarına birbaşa Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Polad Qarayevin göstərişi əsasında hazırlanmış və istintaq tərəfindən əlavə edilmiş bəzi rəsmi sənədlərin saxtalaşdırılması ehtimalı ilə bağlı tərəfimdən rəsmi qaydada şikayətlər təqdim edilmişdir və hazırda həmin faktlar üzrə araşdırma prosesi aparılır.

 

5. Ədalətli məhkəmə və dövlətin prinsipi

Cənab Prezident!

Siz dəfələrlə vurğulamısınız ki, “heç kim qanundan yuxarı deyil.”
Mən bu inamla Sizə müraciət edirəm və xahiş edirəm:

Mənim işim şəxsən Sizin nəzarətinizə götürülsün;

Məhkəmə-Hüquq Şurası tərəfindən hakim Səbuhi Hüseynovun prosessual davranışına hüquqi qiymət verilsin;

Polad Qarayev, Elnur Kərimov, Müzəffər Əliyev, Rüstəm Abdullayev və Orxan Süleymanlı barəsində xüsusi icraat başlanılsın;

İşgəncə və saxtalaşdırma iddiaları üzrə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən ayrıca cinayət işi açılsın;

Məhkəmə prosesi açıq və şəffaf şəkildə, ictimai nəzarətlə keçirilsin.

 

6. İctimaiyyətə çağırış

Hörmətli həmvətənlər!

Bu iş yalnız bir şəxsin taleyi deyil – ədalət sisteminin sınağıdır.
Əgər bu gün bir vətəndaşın hüquqları tapdanırsa, sabah hər biriniz bu vəziyyətə düşə bilərsiniz.

Mən dövlətimə, Prezidentimə və xalqımızın ədalətinə inanıram. Qanunun aliliyinə və insan hüquqlarının müdafiəsinə sadiq qalaraq, yuxarıda göstərilən hüquqi və faktiki əsaslara görə bu işin şəxsən nəzarətinizə götürülməsini, prosessual pozuntuların araşdırılmasını və ədalətin bərpasını xahiş edirəm.

Ədalət varsa – dövlət yaşayır.

Qeyd:
Bu məktub Elşad Təhməzovun şəxsi xahişi ilə ictimaiyyətə təqdim olunur.
Bütün faktlar məhkəmə sənədləri, “102” sistemindən çıxarışlar, tibbi arayışlar və rəsmi qərarlarla təsdiqlənir.
Məktubun məqsədi — dövlətin ədalət prinsipinə dəstək olmaq, saxtakarlıq və işgəncə halları ilə mübarizəyə diqqət çəkməkdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button