
Kreml Putin ilə Paşinyan arasında 'çox şeyi aydınlaşdıracaq' görüşün anonsunu etdi
Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən bir gün sonra, mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşəcək. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O qeyd edib ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə təmaslar nəzərəçarpacaq dərəcədə azalıb və “problemli məsələlər yığılıb”. Uşakovun sözlərinə görə, danışıqlar zamanı liderlərin bu məsələləri açıq şəkildə müzakirə edəcəyi gözlənilir.
Prezidentin köməkçisi əlavə edib ki, Putinin Paşinyan ilə 2023-cü ilin dekabrında sonuncu görüşündən bəri dövlət başçıları praktiki olaraq danışmayıblar: “Ona görə də mən bir daha vurğulamaq istərdim ki, biz məhz bu ikitərəfli görüşə çox böyük əhəmiyyət veririk, bu, mənə elə gəlir ki, bir çox məsələləri aydınlaşdırmağa kömək edəcək”.
Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemlərdən danışan Uşakov xatırladıb ki, sonuncu Qərb ölkələri ilə münasibətləri “nümayişkar şəkildə” inkişaf etdirir, o cümlədən “Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantları nəzərdən keçirir, NATO xətti ilə əlaqələr intensivləşir”.
Putinin andiçmə mərasimi bu gün, mayın 7-də baş tutacaq. Bu, Rusiyanın hazırkı prezidentinin beşinci andiçmə mərasimi olacaq. Martın ortalarında Rusiyada prezident seçkiləri keçirilib. Rəsmi rəqəmlərə görə, Putin 87 faizdən çox səs toplayıb.
Ermənistan Milli Assambleyasının rəhbəri Alen Simonyan bundan əvvəl Paşinyanın Putinin andiçmə mərasimində iştirak etməyəcəyini açıqlamışdı .
Fevralda Ermənistanın baş naziri ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının de-fakto dondurulduğunu bəyan edib. Onun fikrincə, KTMT Bakı ilə münaqişədə Yerevanla bağlı öz funksiyalarını yerinə yetirməyib. Daha sonra Paşinyan Ermənistanın təşkilatdan çıxa biləcəyini istisna etmədiyini deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml KTMT məsələsində Yerevanla dialoqa hazırdır və Putin ilə Paşinyan arasında şəxsi görüş zamanı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılmasına ümid edir.



