
Keçmiş ‘Heykəl məhbusu’nun saxlandığı deyilir
Gənc fəal Qiyas İbrahimovun saxlandığı bildirilir.
Fəalın anası Şura Əmiraslanova AzadlıqRadiosuna deyib ki, iyunun 22-də günorta saatlarında evlərinə mülki geyimli şəxslər gəlib:
“Onlar Qiyasdan yazdığı statusu silməyi tələb edib. O isə silməyəcəyini və onlara telefonu verməyəcəyini deyib. Ondan sonra Qiyası apardılar”.
Əmiraslanova vurğulayıb ki, oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə protokol tərtib olunub və o, Nizami Rayon Məhkəməsinə aparılıb.
Qiyas İbrahimovun bəhs edilən statusda polisi və hakimiyyəti sərt tənqid etdiyi bildirilir.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq ölkədə tənqidi statuslara görə, təqiblrin olduğunu təkzib edirlər.
Qiyas İbrahimov keçmiş “Heykəl məhbusu” kimi tanınır. O, başqa bir gənc fəal Bayram Məmmədovla birgə 2016-cı ildə narkotikada ittiham edilərək 10 il həbs cəzası almışdı.
Amma bəzi faəllar onların həbsinin gerçək səbəbinin 2016-cı ildə hər il mayın 10-da keçmiş prezident Heydər Əliyevin doğum günündə keçirilən Gül bayramı ərəfəsində Bakıda Milli Bankın önündəki parkda onun abidəsinin postamentinə “Qul bayramınız mübarək” şüarlarının yazılması ilə izah edirdilər. Gənclər rəsmi ittihami qəbul etmirdilər.
Onlar 2019-cu ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamından sonra azadlığa çıxdılar.
Amma iki il əvvəl Bayram Məmmədov Türkiyədə dənizdə boğulub. Yaxınları bu ölümü şübhəli saysalar da, Türkiyə polisi onların şübhələrinə əsas görməyib.



