“Kapital Bank”ın Cəlilabad filalında 1000 manata 100 manat rüşvət?

Rayon sakini filial rəhbəri Lətif Ağayevin rüşvəti özü üçün istədiyini iddia edir

Redaksiyamıza Cəlilabad rayon sakini A.İsgəndərlidən şikayət məktubu daxil olub. Şikayət məktubunu yazan sakin iddia edir ki, onun sosial vəziyyəti ağır olduğundan Kapitalbankın yerli filalına müraciət edərək 1000 manat kredit götürmək istəyib. Lakin onun kredit alması müqabilində 100 manat rüşvət istənilib. Şikayətçi yazır: «Yazıb sizə bildirirəm ki, ailəmizlə birlikdə Cəlilabad rayon Kapital Bank şöbəsindən kredit götürmək istəyirdik. Maddi imkanımız ağır olduğu üçün min manat pula ehtiyacımız vardı. Lakin Kapital Bank Cəlilabad rayon şöbəsinin müdiri Lətif Ağayev atamdan bu pul üçün yüz manat rüşvət istədi. Xahiş edirəm ki, bu məsələyə qanun çərçivəsində münasibət bildirəsiniz». Bu müraciəti alandan sonra şikayətlə bağlı olaraq Lətif Ağayevlə əlaqə saxladıq. Fililal rəhbəri ilə söhbətin qısa məzmunu belə oldu:

– Lətif müəllim redaksiyamıza Cəlilabad rayonundan olan bir sakin şikayət edib ki, siz ondan 1000 manatlıq kredit götürmək üçün 100 manat əlavə rüşvət istəmisiniz.

– İndi hərə bir söz danışacaq. Mən də deyim ki, siz məndən 1000 manat rüşvət istəmisiniz. İsgəndərlinin dedikləri şər-böhtandır.

– Biz sizdən daxil olmuş şikayətlə bağlı olaraq münasibətnizi soruşuruq.

– Təşəkkür edirəm. Birmənalı olaraq deyim ki, bizim bankda kredit şərtlərinə uyğun gələn istənilən hüquqi və fiziki şəxsə rüşvət istənilmədən kredit verilir. Əgər həmin vətəndaş yenidən bizə müraciət etsə və şərtləri uyğun gəlsə o zaman ona kredit veriləcək.

Qeyd edək ki, Cəlilabad rayonundan olan şikayətçimiz iddia edir ki, bank filialından alacağı kredit sırf şəxsi ehtiyaclarının ödənilməsinə yönələcək. Əlavə edək ki, hazırda adıçəkilən bankda belə bir kredit növü var və girov, həmçinin də işdən arayış almaqla kredit 12 aylıq müddətinə 24 faizlə verilir. Bizə müraciət edən şikayətçinin isə yazdıqlarından belə anlaşılır ki, o, 1000 manatlıq kredit almaq istəyərkən bank filialının rəhbəri ondan 100 manat rüşvət istəyib.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button