
Kanal 13 televiziyasının icraçı direktorunun evində axtarış…
Noyabrın 27-də axşam saatlarında Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun Bakıda yaşadığı evdə axtarış aparıldığı deyilir.
Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılıb və vəkil Bəhruz Bayramov iştirak edib:
“Evimizdə 8 nəfər polis əməkdaşı axtarış apardı. Onların çoxu maskalı idi.”
Axtarışı Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı bildirilir.
Xanımının sözlərinə görə, axtarış başa çatdıqdan sonra Əziz Orucovu bəzi sənədlərlə birgə aparıblar.
Vəkil Bəhruz Bayramovun deməsinə görə isə, indi də axtarış internet televiziyanın ofisində davam etdirilir.
Amma bu deyilənlərə, hələlik, bu idarə, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ə.Orucov 2017-ci il mayın 2-də həbs edilmişdi. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib.
Həmin ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucov qeydiyyatsız qrant vəsaitlərindən qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il azadlıqdan məhrum edib. O, ittihamı qəbul etməyib.
2018-ci ilin aprelində Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Məhkəmə Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edərək onu azadlığa buraxıb. Cəzası 6 ildən 3 il şərti cəzaya endirilib.



