
Jurnalistlərlə bağlı bəyanat verildi
Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun (HAMİ) son dövrlər azad mətbuata və hüquq müdafiəçilərinə qarşı aparılan təqib kampaniya ilə bağlı bəyanat verib.
HAMİ bəyanatında qeyd edib ki, Azərbaycan hakimiyyətinin son bir neçə ay ərzində KİV-ə, ayrı-ayrı jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı apardığı təqib kampaniyası tərəfimizdən narahatçılıqla qarşılanır: “2012-ci ilin əvvəllərindən başlayaraq növbəti dəfə kampaniya olaraq, qəzetlərin səyyari satışı qadağan olunub. Bundan sonra “Azadlıq”, “Yeni Müsavat” və “Xural” qəzetləri bir neçə dəfə məmurların qaldırdığı əsassız iddialara görə cərimələnib.
2012-ci ildə fevral ayında jurnalist Anar Bayramlı, mart ayında “Xəyal TV”-nin əməkdaşları Vüqar Qonaqov, Zaur Quliyev və Zaur Mustafayev həbs edilib. Jurnalist İdrak Abbasov fiziki zorakılığa məruz qoyulub. Bunlardan başqa Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova şantaj edilmiş, peşə fəaliyyətinə müdaxilə olunub. 2012-ci ildə “Kür Vətəndaş Qərargahının” rəhbəri Oqtay Gülalıyev, Vətəndaş Cəmiyyətinin İnkişafı Birliyinin rəhbəri Cəmil Məmmədli, hüquq müdafiəçisi İlham Əmiraslanov, RATİ-nin fotorepartyoru Mehman Hüseynov həbs olunub.
Hazırda jurnalistlər Ramin Bayramov, Anar Bayramlı, Vüqar Qonaqov, Zaur Quliyev və Əvəz Zeynallı həbsdədir. Onların sırasına ötən gün daha bir jurnalit – “Talışın səsi” qəzetinin baş redaktoru Hilal Məmmədov da qatılmışdır. Həmçinin hüquq müdafiəşiləri Vidadi isgəndərli, Taleh Xasməmmədov və İlham Əmiraslanov bu gün də həbsdədirlər. Bundan başqa Oqtay Gülalıyev və Mehman Hüseynov barədə cinayət işi davam etdirilir”.
Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu Azərbaycan Hakimiyyətinə müraciət edərək, müstəqil KİV-ə, ayrı-ayrı jurnalistlərə, həmçinin hüquq müdafiəçilərinə qarşı təzyiqlərə son qoymağa, həbs olunanları azadlığa buraxmağa çağırır.
XuralTAC




