İsveçrəlilər pensiyaların artırılmasına səs verib

Yayımlandı: 4 Mart 2024 16:50

75 faiz insan pensiya yaşının 65-dən 66-ya qaldırılmasını rədd edib

İsveçrəlilər verilən təqaüdün artan qiymətlər fonunda az olduğunu düşünür. Onlar daha yüksək təqaüd üçün səs veriblər.

Daha öncə İsveçrə hökuməti artan ödənişləri ödəməyin çətin olacağı barədə xəbərdarlıq etmişdi.

Lakin ümummilli referendumda isveçrəlilər yaşlıların həyat səviyyəsinə diqqət edib.

Martın 3-də keçirilən sorğuda seçicilərin demək olar ki, 60 faizi pensiyaların qalxmasına “hə” deyib. Ayrı-ayrılıqda, 75 faiz insan pensiya yaşının 65-dən 66-ya qaldırılmasını rədd edib.

Bu ölkədə maksimum aylıq dövlət pensiyası 2550 avrodur (2180 funt sterlinq; 2760 dollar). Çox insan düşünür ki, bu, İsveçrədə yaşamaq üçün kifayət deyil.

Xüsusən də Sürix və Cenevrə kimi şəhərlərdə yaşayış xərcləri böyükdür. Bu şəhərlər dünyanın ən bahalı şəhərləri arasındadır.

Hər kəs üçün məcburi olan tibbi sığorta haqları sürətlə artıb və yaşlı insanlar bəzən onları ödəməkdə çətinlik çəkirlər.

BBC yazır  ki, bu gün İsveçrədə daha çox insan 70 yaşında öz seçimindən, istəyindən dolayı yox, zərurətdən işləmək məcburiyyətindədir. Həmçinin gənc nəsil arasında işlə bağlı stress və tükənmişlik artıb.

İsveçrədə pensiyaların artırılması təklifi həmkarlar ittifaqlarından gəlib. Lakin İsveçrə hökuməti, parlamenti və biznes liderləri bunun əlçatmaz olduğunu iddia edərək, fikrə qarşı çıxıb.

Seçicilər isə düşünür ki, onların zəhməti sayəsində əldə edilən inkişaf etmiş İsveçrə iqtisadiyyatı əlavə ödənişləri təmin etmək gücündədir.

Azərbaycanda isə ilbəil pensiya yaşının artırılması ilə bağlı qərar qəbul edilib.

Bu, 2017-ci ildən başlayıb. Pensiya yaşı hər il altı ay artırılıb. Əvvəl kişilər 63, qadınlar 60 yaşında pensiyaya çıxırdısa, indi bu rəqəm 65 yaşa çatdırılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button