İstintaq materialları ilə tanışlıq başa çatdı…
19.04.2012
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yekunlaşdırılmış istintaq materialları ilə tanış olub.
Vəkil Mənsum Bayramovun məlumatına görə istintaq materialları 4 külliyyatdan idarətdir: “Biz artıq 4 gündür ki, materiallarla tanış oluruq. Materialarla tanışlıqdan sonra kifayət qədər qeyri-qanuni hallarla rastlaşdıq, lakin vəsatət qaldırmağın mənasız olduğunu düşündük. Bizim vəsatətlərimiz onsuz da KQMİ tərəfindən rədd ediləcəkdi. Bu prosedur isə işin məhkəməyə verilməsini ciddi şəkildə yubadacaqdı. O baxımdan Əvəz bəylə qərara gəldik ki, bütün vəsatətlərimizi məhkəməyə saxlayaq. ” M.Bayramov onu da bildirib ki, istintaq materialları ilə tanışlıqdan sonra iş yaxın günlərdə məhkəməyə veriləcək: “Mümkündür ki, növbəti həftənin sonlarına yaxın məhkəmə işə baxmaq üçün hakim təyin etsin. Bizim də əlimizdə kifayət qədər faktlar var ki, onları məhkəmənin diqqətinə çatdırmaq niyyətindəyik. Əgər məhkəmə prosei ədalətli keçirilsə, Əvəz Zeynallının günahsızlığı sübut olunacaq.”
Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 19-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilir: 1. Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı daha bir maddə əlavə olunub. Vəkil E.Sadığov Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib.
2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində seçdiyi 3 aylıq həbs qətimkan tədbirinin müddətini 2012-ci ilin yanvar ayının 15-də daha 3 ay müddətinə, aprelin 12-də isə daha 1 ay müddətinə uzadıb.
Baş redaktor ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.
Hazırda dünyanın ən nüfuzlu jurnalist və insan haqlarının müdafiəsi təşkilatları Ə.Zeynalının həbsini pisləyir və bunu Azərbaycanda müstəqil mətbuata və azad sözə edilən təzyiq kimi qiymətləndirir.
XuralTAC




