İşçi fəala 4 ay həbs verildiyi deyilir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev haqqında 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə gənc fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, E.Mustafayev narkotik maddələrin satışında ittiham edilir.

Bu məlumata, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin də saxlandığı bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, E.Mustafayevin saxlanmasından artıq 48 saat ötsə də, rəsmi orqanlar qanunvericiliyə zidd olaraq onun barəsində heç bir məlumat yaymayıblar.

Bu məsələ ilə bağlı AzadlıqRadiosuna danışan “Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədli də deyib ki, E.Mustafayev avqustun 4-də günorta saatlarında saxlanılıb: “Bizim bildiyimizə görə, onu Bakı Şəhər Baş Polis İdarəsində saxlayırlar. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir”.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Avqustun 1-də Bakıda moped sürən kuryerlərin etiraz aksiyası olmuşdu. Kuryerlər yeni qanunvericiliyə əsasən, onlardan sürücülük vəsiqəsi tələb olunması və bu üzdən polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz etdiklərini bildiriblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

“Elvin Mustafayev özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb”, – Ə.Məmmədli əlavə edib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da həmin aksiyadan sonra saxlanılaraq 30 sutkalıq həbs olunub. DİN-in mətbuat xidmətinin məlumatına görə, borc öhdəliyindən yayındığına görə axtarışda olan A.Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb: “Onun barəsində toplanmış materiallara baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasını 2022-ci il martın 1-də bir qrup işçi fəal təsis edib.

2022-ci ilin sonunda “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan çox olan mopedlərin istifadəçiləri sürücülük vəsiqəsi almalıdırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button