
İsa Qəmbərin 1990-cı ildəki çıxışı İLK DƏFƏ xural.org-da-MƏTN
Xural.com son günlər gündəmi fəth edən mövzunu davam etdirir və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin AXC-nin III Konfransında (06-07 yanvar 1990-cı il) etdiyi çıxışın stenoqramını dərc edir:
“Hörmətli xanımlar və bəylər!
Sizin hamınızı III konfransımız münasibəti ilə təbrik edir, salamlayıram.
Hər şeydən əvvəl, bütün xalqımızı, onun burada iştirak edən nümayəndələrini, ilk növbədə, Gəncə nümayəndələrini bu qədim şəhərin əsl adının bərpa olunması münasibəti ilə təbrik edirəm. Şəhərimizin rayonlarından birinə çox gözəl, tariximizə, xalqımıza layiq bir adın – Xətai adının verilməsini də təbrik edirəm. Yəqin gələcəkdə bu cür, bir tərəfdən çox əhəmiyyətli, lakin məqsədlərimizlə müqayisədə kiçik uğurlarımız çox olacaq (alqışlar).
Mən xahiş edirəm ki, bu konfransda ümumiyyətlə, alqışlar olmasın. Bir-birimizə diqqətlə qulaq asaq, çünki birimizə bir xoşa gələn söz deyəndə əl çalırıq, xoşa gəlməyən söz eşidəndə isə sözünü kəsirik. Xahiş edirəm, belə şeylər olmasın. Mənim burada deyəcəyim sözlər, ola bilsin, bəzilərinin, bəlkə də çoxlarının xoşuna gəlməyəcək. Mən son dövrdə AXC-də yaranmış vəziyyəti bildiyim, başa düşdüyüm şəkildə şərh etməyə çalışacağam. Açığı, danışarkən kağızdan nə vaxt istifadə etdiyim yadımdan çıxsa da, bu gün müəyyən tezisləri qeyd etmişəm və həmin tezislər əsasında çıxış edəcəyəm. Vəziyyətin gərginliyindən və mühümlüyündən əlavə, qeyd etməliyəm ki, mənim çıxışımdakı tezislər tək mənim fikrim olmayıb, İdarə Heyətinin 7 üzvünün birgə hazırladığı tezislərdir. (İsa Qəmbər, Pənah Hüseyn, Hikmət Hacızadə, Sabit Bağırov, Yusif Səmədoğlu, Tofiq Qasımov, Canbaxış Umudov – red)
AXC daxilindəki vəziyyətdən danışmazdan əvvəl, Respublikamızdakı vəziyyət barədə bir neçə kəlmə demək istərdim. Əbülfəz bəy bu barədə ətraflı çıxış etdi, Respublikanın əsas ağrılı nöqtələrini göstərdi. Mən bəzi ümumiləşmələr aparmaq istəyirəm. Respublikada vəziyyəti müəyyənləşdirən əsas amillər nədən ibarətdir?
Bu, ilk növbədə, siyasi, ictimai, iqtisadi və mənəvi problemlərin toplusudur. Bu gün Respublikamızda külli miqdarda problemlər var: həm ictimai, yəni küll halda hüquqsuzluq, həm də fərdi hüquqların tapdanması, iqtisadi vəziyyətin ağırlığı, mənəviyyatımızın əhəmiyyətli dərəcədə pozulması və s.
İkincisi – Qarabağ problemidir. Vəziyyəti ağırlaşdıran Respublika rəhbərliyi ilə xalq arasında dərin uçurumun olmasıdır. Uçurumun səbəbləri haqqında danışmağa, yəqin ki, ehtiyac yoxdur. Hamıya məlumdur ki, nə qədər ki, cəmiyyətimizdə demokratiya yoxdur, nə qədər ki, Azərbaycan müstəqil deyil, öz rəhbərimizi özümüz seçmirik, onlar Moskvadan təyin olunur və xalqın iradəsini deyil, Moskvanın əmrini yerinə yetirir, xalqla rəhbərlik arasında birlik ola bilməz; olsa da, bu, ya saxta, ya müvəqqəti saziş xarakteri daşıya bilər. Azərbaycanda vəziyyəti şərtləndirən növbəti amil ondan ibarətdir ki, bütün ölkə kimi Respublikamız da keçid dövrünü yaşayır. Bu dövr xalqımıza müəyyən perspektivlər verir, müəyyən imkanlar açır. Xalqımızın gələcək taleyi bu imkanlardan bizim nə dərəcədə istifadə edə biləcəyimizdən asılıdır.
Respublikada vəziyyət haqqında daha sonra demək istədiyim mətləb yaxın gələcəkdə bizi gözləyən təhlükə barədə olacaq. Hamımıza məlumdur ki, Azərbaycan – Rusiya imperiyasının, Sovet İttifaqı adlanan imperiyanın ağzında ən yağlı tikədir. İmperiya bəlkə də başqa tikələri ağzından buraxacaq, amma bu tikəni buraxmamaq üçün axıradək mübarizə edəcək. Bizim xalqın da qanı bahasına, öz xalqının övladlarının da qanı bahasına. Yaranmış şəraitdə ən mühümü odur ki, bu məsələ qansız bitsin. Qansız, itkisiz məqsədə nail olmağın yolu – siyasi mübarizə yolu, parlament yoludur. Bu da, aydın məsələdir ki, qarşıdan gələn seçkilərlə bağlıdır. Bu yaxınlara qədər AXC seçkilərdə qələbə çalmaq üçün çox geniş imkanlara malik idi. Qalib gəldikdən sonra Respublikanın bir çox problemlərini, əsaslı problemlərini qanuni yolla həll etmək imkanlarımız olacaqdı. Məhz buna görə də Respublikada fövqəladə vəziyyət şəraitində keçirmək üçün müəyyən bir ssenari hazırlanıb ki, buna da keç şübhə ola bilməz. Bu ssenarinin ayrı-ayrı epizodlarını biz özümüz, bəzən yuxarıların incə şəkildə hazırlayıb bizə təlqin etməsi səbəbindən, bəzən də öz səbirsizliyimiz ucbatından yavaş-yavaş həyata keçiririk. Bu, bəzi rayonlarda katiblərin dəyişdirilməsinin səbrsiz metodlarından istifadə olunmasında özünü göstərir. Bu, həmçinin bayaq burada qeyd olunan, Naxçıvandakı sərhəd məsələsində özünü biruzə verir. Əgər hansısa bir azərbaycanlı cənub və şimal məsələsinin həllində hamımızın tutduğu bir mövqe tutmursa, bu sərhədin mümkün qədər aradan götürülməsinə çalışmırsa, onun azərbaycanlılığına bizim şübhə etməyə əsasımız var. Biz də Naxçıvan əhalisini bu qəhrəmanlığa görə təbrik edir, onlara bu yolda yeni uğurlar arzulayırıq. Bu, bizim ümumi sərhədimizdir; təkcə Naxçıvanın sərhədi deyildir. Lakin sərhəddəki o qanunsuzluqların (sərt sərhəd rejimi nəzərdə tutulur – red.) aradan götürülməsi üçün qanuni yolların hamısından istifadə edilmişdirmi? Mənə elə gəlir ki, edilməmişdir. Gələcək fəaliyyətimizdə bu faktı nəzərə almalıyıq, çünki bu epizodlar bir-birinin dalınca gəlir. Bunlar hamısı qeydə alınır. 1988-ci ildə, noyabrın 24-nə keçən gecə Bakıda və Azərbaycanın bəzi rayonlarında fövqəladə vəziyyət elan etmək üçün kifayət qədər əsas var idimi? Əsas yox idi. Sadəcə olaraq, müəyyən epizodlardan, Bakıda çoxgünlük mitinqlərdən, bir sıra rayonlarda xalqla rəhbər orqanlar arasında yaranmış münaqişədən istifadə edib fövqəladə vəziyyət elan etdilər və xalq hərəkatını təxminən 6 ay geri salmış oldular. İndi yenə həmin ssenari həyata keçirilir. Bir-birimizi inandırmaq lazım deyildir ki, Azərbaycanda fövqəladə vəziyyətə ehtiyac yoxdur. Ancaq bunu elan edəndə, bizdən soruşmayacaqlar ki, buna ehtiyac var, yoxsa yoxdur.
Bəzən deyirlər ki, bu, hadisələrin inkişafının ən pis variantıdır. Əlbəttə, yaxın gələcəkdə ən pis variantıdır. Ancaq biz əgər siyasətlə məşğul oluruqsa, xalq hərəkatına rəhbərlik etməyə qabil olan təşkilat adından danışırıqsa, xalqın taleyini həll edə biləcək qərarların məsuliyyətini boynumuza götürürüksə, yalnız yaxşı variantlara bel bağlamamalıyıq. Ən pis variantı belə görməli və ona hazır olmalıyıq. İlk növbədə, məhz ən pis variantları görməliyik, imkan daxilində onların baş tutmamasına çalışmalıyıq, əgər baş tutarsa, onları hazır şəkildə qarşılamalıyıq. Mənə elə gəlir ki, bu, belə olmalıdır. O ki qaldı yaxşı variantlara, onlara da hazırlaşmalıyıq. Yaxşı variantlar baş tutan kimi heç də o saat hər şey həll olunmur.
Bu qısa giriş sözlərindən sonra, mən AXC-dəki vəziyyət haqqında bəzi qeydlərimi sizin nəzərinizə çatdırmaq istəyirəm. AXC-nin yaranmasının səbəbləri hamımıza məlumdur. Bu, bir tərəfdən, yaranmış şəraitdən istifadə edərək Azərbaycanın suverenliyi uğrunda mübarizə imkanlarını reallaşdırmaq, digər tərəfdən isə, xalqımızın başının üstünü almış xarici təhlükədir. Bu iki amil Xalq Cəbhəsinin yaranmasının əsas səbəbləri oldu. Yəqin ki, AXC-nin tarixini yazan şəxslər var. Çox güman ki, gələcəkdə də bu tarix yazılacaq və öyrəniləcək. Hələlik isə hesab etmək olar ki, Xalq Cəbhəsinin tarixi aşağıdakı mərhələlərdən ibarətdir:
1. 1988-ci ilin avqustuna qədərki dövrü “tarixə qədərki dövr” adlandırmaq olar.
2. 1988-ci ilin avqustundan dekabrına kimi olan dövrü Respublikadakı müəyyən ictimai qüvvələr və qruplar tərəfindən Xalq Cəbhəsini yaratmaq cəhdləri dövrü hesab etmək olar.
3. 1988-ci ilin dekabrından 1989-cu ilin fevralına qədərki dövrü hamımız yəqin ki, böhran dövrü, repressiya dövrü kimi qəbul edirik. Bu dövrdə Azərbaycanda, hər halda, Bakıda ciddi fəaliyyət göstərən yalnız iki qüvvə qalmışdı. Bu qüvvələrdən biri artıq 1988-ci ilin payızından özünü Xalq Cəbhəsinin Təşəbbüs Qrupu adlandıran qurum, ikincisi isə “Varlıq” qrupu idi. “Varlıq” qrupunun təşəbbüskarları və yaradıcıları Xalq Cəbhəsinin təşəbbüs qrupunun mövcudluğundan, burada proqram və nizamnamənin üzərində iş getdiyindən xəbərdar idilər. Eyni adlı iki təşkilatın yaranmasına ehtiyac olmadığından və bunun zərərli ola biləcəyini nəzərə alaraq, biz hər iki qrupun qüvvələrinin birləşdirilməsinin tərəfdarı idik. Onu da qeyd etmək lazımdır ki, biz o zaman Xalq Cəbhəsinin müxtəlif ictimai təşkilat, partiya və qrupların ittifaqından yaranan bir qurum, klassik formada Xalq Cəbhəsi kimi təsəvvür edirdik. Və belə hesab edirdik ki, “Varlıq” qrupu, doğrudan da, güclü bir təşkilata çevrilərsə, gələcəkdə Xalq Cəbhəsində özünəlayiq yer tuta biləcək. Lakin 1988-ci ilin sonunda və 1989-cu ilin əvvəlindəki hadisələr bu planlara ciddi zərbə vurdu. Yalnız fevralın axırında bu iki qrupun çox seyrəlmiş, bizim gəncəli dostlarımızın terminini işlətsək, “saflaşmış” dəstələri birləşdi. Bu birləşmə 1989-cu il fevralın axırı, martın əvvəllərində baş verdi. Birləşmədən sonra təşkilatın adının Xalq Cəbhəsinin təşəbbüs mərkəzi adlandırılması qərara alındı. Mənə elə gəlir ki, biz hamımız belə bir fikirlə razılaşırıq ki, 1989-cu ilin martında yaranmış “Təşəbbüs mərkəzi” keyfiyyətcə daha güclü, daha geniş imkanlı orqan idi. 1989-cu ilin martından iyulun 16-na qədər çox ciddi iş aparıldı. Demək olar ki, Azərbaycanın bir çox rayonları ilə əlaqələr yarandı. 16 iyula kimi bir neçə konfrans keçirildi və 16 iyulda Xalq Cəbhəsinin təsis konfransını keçirib, Xalq Cəbhəsini yaratmaq mümkün oldu. Cəbhənin bir təşkilat kimi əsl həyatı məhz bu dövrdən başlandı. Bu dövrün özünü də iki yerə bölmək olar. Birincisi, 1989-cu ilin 16 iyulundan 5 oktyabra qədərki dövrdür ki, bu dövrdə də Xalq Cəbhəsi yüksələn xətlə inkişaf edərək bir çox nailiyyətlər əldə etmiş oldu. İkincisi isə, 05 oktyabrdan bu günə – 06 yanvara qədər olan dövrü əhatə edir. 05 oktyabr günü yəqin ki, yadınızdadır. Həmin gün AXC rəsmi qeydiyyatdan keçmiş, təsdiq olunmuşdu. Bir çox bəlalarımız da bu təsdiqlə bağlıdır.
O vaxt biz bilirdik ki, belə bir iş ola bilər. Mən burada bəlkə də hamımızın bildiyi şeyləri demək istəmirəm. Hamıya məlumdur ki, 1989-cu ilin 16 iyul-05 oktyabr dövründə AXC xalq hərəkatında aparıcı yer tutdu və mənə elə gəlir ki, bu rolu layiqincə yerinə yetirdi. Bunun səbəbləri nədən ibarət idi? Nəyə görə kiçik bir dəstə qısa bir müddətdə xalqın iradəsinin ifadəsinə çevrilə bildi. Mənə elə gəlir ki, bunun əsas səbəbi ondan ibarət idi ki, AXC-nin kifayət qədər yüksək səviyyəli proqram sənədləri yaradılmışdı və bu sənədlər bütün Azərbaycanda geniş şəkildə yayılmışdı. İkincisi, təşkilat əsl demokratik prinsiplər üzərində qurulmuşdu və təşkilat rəhbərliyində birləşmiş qüvvələrin kütlələr içərisində böyük nüfuzu var idi. Bu nüfuzun mənbəyi AXC rəhbərliyinin kifayət qədər yüksək intellektual səviyyədə iş aparmaq bacarığında və məqsədlərə çatmaqda təmkin, eyni zamanda qətiyyətli təzyiq göstərməsində idi. Mənə elə gəlir ki, yuxarıda göstərilən keyfiyyətlərə malik belə təşkilata xalqın o dövrdə ehtiyacı çox böyük idi və belə bir ikinci təşkilat o zaman yox idi. (Obyektivlik xatirinə təşkilatın nüfuzunu, gücünü bir səbəbdən də izah etmək olar. Bu da Respublika rəhbərliyinin yol verdiyi səhvlərdir).
AXC bu müddətdə hansı problemləri həll edə bildi və hansı uğurlar qazandı?
Demək lazımdır ki, Xalq Cəbhəsi Azərbaycanın problemlərini ölkə və dünya ictimaiyyətinə çatdırmaq sahəsində böyük iş aparıb. Azərbaycan haqqında, Dağlıq Qarabağ problemi haqqında qeyri-obyektiv və birtərəfli məlumatların, qismən də olsa, obyektiv məlumatlarla əvəz olunmasına haradasa nail olduq. Əlbəttə, bu uğurlar hamısı yüz faizlik deyildir. AXC-nin fəaliyyəti nəticəsində DQMV-nin Ermənistana verilməsi prosesinin qarşısı hüquqi cəhətdən dayandırıldı. Artıq hüquqi cəhətdən Dağlıq Qarabağı Ermənistana vermək mümkün deyil və mümkün olmayacaq. Xalq Cəbhəsi Qarabağ uğrunda hərəkatın kortəbiiliyinə son qoyaraq, Respublikada müəyyən siyasi sabitliyin yaranmasına nail oldu. Xalq Cəbhəsinin həm Bakıdakı mərkəzi orqanları, həm də rayon şöbələri yerli xarakterli bir çox lokal məsələləri həll edə bildilər. Yəqin ki, bunların hamısı haqqında rayonlardan olan cəbhədaşlarımız danışacaqlar. Xalq Cəbhəsinin ən böyük uğuru və nailiyyəti isə, şübhəsiz ki, xalq arasında hökm sürən ictimai problemlərə laqeyd münasibətə son qoyulması və xalqın siyasi fəallığının görünməmiş dərəcədə artması oldu. Bunun nəticəsi olaraq bir sıra ictimai təşkilatlar və partiyalar meydana çıxdı. Mən bunu Xalq Cəbhəsinin ən böyük xidməti hesab edirəm. Mənə elə gəlir ki, suverenlik haqqında Konstitusiya Qanunu barədə ayrıca danışmağa ehtiyac yoxdur. Bu qanun, hələlik kağız üzərində olsa da, Azərbaycan xalqının və Xalq Cəbhəsinin həddindən artıq böyük qələbəsidir. Bu gün kağız üzərində olan bu suverenlik, əgər düzgün istiqamətdə iş aparılsa, nə vaxtsa həqiqi suverenliyimizə çevrilə bilər.
Həmin dövrlə müqayisədə bu gün AXC nə vəziyyətdədir?
Yəqin ki, çoxlarınız razılaşarsınız ki, hal-hazırda AXC hərəkatda bir o qədər də aparıcı rola malik deyildir. Bu rolu demək olar ki, itirmişdir. Mən demirəm ki, başqa bir təşkilat bu rolu boynuna götürüb, ancaq hər halda bu saat Azərbaycanda hərəkata bütövlükdə başçılıq edən belə bir təşkilat yoxdur. AXC isə bu rolu, bu mövqeyi demək olar ki, əldən vermişdir. AXC-nin Respublika rəhbərliyinə təsir göstərmək imkanları həddindən artıq məhdudlaşmışdır. Ali Sovetin axırıncı sessiyası da bunu göstərdi. AXC-də qrupbazlıq, yerliçilik tendensiyaları güclənməkdədir. Bir sıra rayonlarda AXC şöbələri müxtəlif mühafizəkar qüvvələrin mübarizə meydanına, yaxud oyuncağına çevrilmişdir. AXC rəhbərliyində birlik yoxdur. Rəhbərlikdə qərar qəbul edilməsində və bu qərarların həyata keçirilməsində hərc-mərclik hökm sürür. Deyilənlərin hər birini ayn-ayn misallarla, faktlarla əsaslandıra bilərəm. Hələlik buna vaxt itirmək istəmirəm.
Yaranmış belə vəziyyətin səbəbləri nədən irəli gəlir? Nəyə görə AXC-də bu vəziyyət yaranmışdır? Bizim əsas düşmənimiz partiya-dövlət aparatıdır. Azərbaycan xalqının müstəqilliyinə, suverenliyinə qarşı, hətta mən deyərdim ki, normal yaşamasına qarşı güclü iş aparır. Həmin partiya-dövlət aparatı Xalq Cəbhəsini güclü siyasi qüvvə kimi siyasi meydandan sıxışdırıb çıxartmağa çalışır, bunun üçün müəyyən addımlar atır və hərdən bir müəyyən uğurlara da nail olurlar. Respublikada müxtəlif mürtəce, mühafizəkar qüvvələrin, burada ilk növbədə köhnə rəhbərlik nəzərdə tutulur, AXC-ni ələ keçirib ondan öz məqsədləri üçün istifadə etmək cəhdləri güclənmişdir. Daha sonra, AXC rəhbərliyində şəxsi nüfuz uğrunda mübarizə çox güclənmiş, yersiz, zərərli xarakter almışdır. Bu gün mən tam açıq danışmaq fikrimə sadiq qalaraq, burada bəzi dostlarımızın adım çəkməliyəm, qəbul etsəniz də, etməsəniz də bu, sizin şəxsi işinizdir. Burada ilk növbədə Nemətdən, Etibardan, müəyyən mənada, Zərdüştdən və müəyyən mənada da, Əbülfəz bəydən söhbət gedir. Bu siyahıdan mən özümü də çıxartmıram. Amma mənə elə gəlir ki, adam özünə tam obyektiv qiymət verə bilməz, bunu başqaları etməlidir. Şəxsi nüfuz, liderlik uğrunda mübarizə artıq o həddə çatmışdır ki, bəzən biz faktları açıq-aydın təhrif etməkdən belə çəkinmirik. Bu, çox ciddi ittiham olduğundan, mən bunu iki faktla sübut etməyə çalışacağam. 25 noyabr mitinqində İdarə Heyətinin üzvü Nemət Pənahov elan etdi ki, AXC İH Vorkuta tətilçilərinə 10 min manat həcmində yardım göstərmək haqqında qərar qəbul etmişdir və Xalq Cəbhəsinin fondundan bu pul tətilçilərə göndəriləcəkdir. Nemət bəy çox gözəl bilirdi ki, İdarə Heyətində belə qərar qəbul olunmayıb. İdarə Heyətində Vorkuta tətilçilərinin AXC-yə müraciəti müzakirə olunmuş, müxtəlif təkliflər irəli sürülmüş və çox ölçülüb-biçildikdən sonra qərara alınmışdır ki, mitinqdə, yəni noyabrın 25-də, xalqa müraciət edilsin və təklif olunsun ki, bu fikirlə razılaşanlar Vorkuta tətilçilərinə müəyyən mənəvi və maddi kömək göstərsinlər. Əsil həqiqət belədir. Lakin bu məsələnin yalnız formal cəhəti idi. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Vorkuta tətilçiləri siyasi tələblər uğrunda, siyasi şüarlar altında mübarizə aparırdılar. Onlar Konstitusiyanın 6-cı maddəsinin ləğvini, mətbuat azadlığı və başqa siyasi azadlıqlar tələb edirdilər. Əgər belə bir məqamda biz Vorkuta tətilçilərinə bu və ya başqa formada kömək etmək qərarına gəlirdiksə, bu, bizim həyata düzgün gözlə baxmağımızı, kifayət qədər yetkin siyasi qüvvə olmağımızı göstərirdi. İmperiyadan, müstəmləkədən danışırıq, amma bu imperiyanı, müstəmləkəçiliyi yıxa biləcək bütün qüvvələri araşdırmırıq. Başa düşmək lazımdır ki, bizim ölkə kimi nəhəng ölkədə, hələ çox güclü hərbi-polis aparatına malik bir ölkədə bütün xalqlar, ilk növbədə rus xalqı özü demokratiya uğrunda mübarizəyə qalxmasa, bu imperiyanın dağılması Allahın ümidinə qalar. Belə bir fakt təhrifini, bir neçə gün sonra, elə bu zalda AXC rayon (şəhər) şöbələri idarə heyətlərinin müşavirəsində Etibar bəydən eşitdik. Etibar bəy buyurdu ki, daha doğrusu, buyurmadı, DQMV-ə aid SSRİ Ali Sovetinin 28 noyabr qərarına müvafiq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində hazırlanmış layihədən biabırçı bir bənd oxudu və dedi ki, AXC İdarə Heyətinin əksəriyyəti bu cür bəndləri olan qərarla razılaşmışdır. Halbuki Etibar bəy çox gözəl bilirdi ki, bu layihə Ali Sovetin Rəyasət Heyətinin variantı idi və həmin layihə üzərində AXC İH-nin əksəriyyəti Vəzirov və Polyaniçka ilə birlikdə iki gün işləmişdilər. Əgər maraqlananlar olsa, biz öz şəxsi təşəbbüsümüzlə o layihəni çoxaldıb hamınıza çatdırarıq və ondan sonra görərsiniz ki, AXC İH-nin əksəriyyətinin razılaşdığı qərar layihəsində Azərbaycanın suverenliyinə, xalqın mənliyinə toxunan bir şey var idi, ya yox? (Salonda reqlamentə əməl olunmasın tələb edən səslər ucalır. Sədr bildirir ki, reqlamentin bitməyinə hələ iki dəqiqə var. (Səslar – “danışsın, danışsın. Etibar 24 dəqiqə danışdı”). Mən başa düşmürəm ki, reqlament niyə ancaq mən danışanda yada düşdü? Bayaq burada danışanların heç birinin yadına reqlament salınmayıb və onların hər biri reqlamenti aşıb.
AXC-də bu gün yaranmış vəziyyətin səbəblərindən biri də AXC maskasından şəxsi məqsədlər və ya müəyyən qrupların sosial sifarişlərini yerinə yetirmək üçün istifadə edən təxribatçı qüvvələrin mövcudluğudur (yerdən səslər eşidilir). AXC daxilində yaranmış vəziyyətin səbəblərindən biri də təşkilatlanma işindəki nöqsanlardır. İndiyə kimi kifayət qədər planlı işləməmişik, bəzən zəruri strukturları vaxtında yaratmamışıq. Halbuki təbiət də, cəmiyyət də boşluğu sevmir. Əgər o strukturu sən vaxtında yaratmırsansa, o strukturu yaradan adamlar meydana çıxır və həmin strukturu yaradırlar. Çox vaxt lazım olmayan istiqamətdə iş aparırlar.
Başqa bir səbəb, AXC Nizamnaməsində seçkili orqanların səlahiyyətlərinin və onların arasında qarşılıqlı fəaliyyət mexanizminin kifayət qədər dəqiqliklə müəyyənləşdirilməməsidir. Yəqin ki, bu nöqsanı konfrans aradan qaldıracaq. Xalq Cəbhəsinin bugünkü vəziyyətə düşməsinin səbəblərindən biri də AXC-nin uzun müddət öz mətbu orqanının olmaması, onun televiziya və başqa kütləvi informasiya vasitələrindən faktiki olaraq təcrid olunması ilə əlaqədardır. Səbəblərdən biri də İdarə Heyətinin, ümumiyyətlə, AXC seçkili rəhbər orqanlarının fəaliyyətində aşkarlığın kifayət dərəcədə olmamasıdır. İdarə Heyəti Cəbhənin digər strukturlarına, ilk növbədə, rayon şöbələrinə aşkar informasiyanı vaxtında və lazımınca çatdırmayıb. Cəbhədə parçalanma meylləri haqqında hələ danışacağıq. (Səslər – “Cəbhədə, yoxsa İdarə Heyətində?”). Mən bayaq AXC-nin fəaliyyətini dövrlərə böləndə 05 oktyabrdan bu günə – 06 yanvara kimi olan dövr haqqında heç bir söz demədim. Mənim əlimdə bu dövrdəki hadisələri günbəgün, xronoloji ardıcıllıqla əks etdirən sənəd var. Bu sənədi, mənə elə gəlir ki, konfransın diqqətinə çatdırmaq məqsədəuyğun olardı. Buna görə də sədrdən xahiş edirəm ki, mənə 20 dəqiqə əlavə vaxt ayırsın. (Xahiş olunan vaxt ayrıldıqdan sonra məruzəçi AXC İH-nin məlumatını konfrans iştirakçılarının nəzərinə çatdırır. İsa Qəmbərov AXC İH-nin məlumatını oxuduqdan sonra bildirir:)
Mən mövqeyini izah etdiyim adamların adlarını elan etmək istəyirəm: Yusif Səmədoğlu, Tofiq Qasımov, Sabit Bağırov, Hikmət Hacızadə, Pənah Hüseynov, İsa Qəmbərov və Canbaxış Ümidov. Nəcəf bəy haqqında bir şey deyə bilmərəm. Çünki axırıncı gün biz görüşüb razılığa gəldiyimiz iclasda Nəcəf bəy iştirak etməyib. Bizim mövqeyimiz nədən ibarətdir? Biz, yuxanda adları çəkilən yeddi nəfər, AXC Məramnaməsi və Nizamnaməsi zəminində dayanırıq. Bizcə, AXC Məramnaməsi “yenidənqurma” adlanan və totalitarizmdən hüquqi dövlətə keçid mərhələsi olan dövrdə Azərbaycan xalqının əldə edə biləcəyi başlıca məqsədləri əsasən əhatə edir. AXC Nizamnaməsi isə bir illik mübarizə təcrübəsindən aydınlaşan bəzi qüsurlarına baxmayaraq, demokratik mərkəziyyət prinsipləri üzərində deyil, sırf demokratik prinsiplər üzərində qurulduğundan, çox qısa bir müddətdə xalqımızı təşkilatlandırmağa, onun təşəbbüskarlığının kəskin surətdə artmasına imkan və təkan verən xüsusi tarixi əhəmiyyətə malik bir sənəddir və bunu yalnız daha da demokratikləşdirmə istiqamətində təkmilləşdirmək olar. Biz hesab edirik ki, yalnız müəyyən ümumbəşəri prinsiplərə – insan hüquqları, humanizm, plüralizm və demokratiyaya əsaslanmaqla AXC-nin xalq hərəkatında aparıcı rolunu, hərəkatın düzgün istiqamətini, təmizliyini, uğurlarını, ölkə və dünyada nüfuz və təsirini təmin etmək mümkündür. Yaddan çıxarmaq olmaz ki, Azərbaycan Ayda və ya Marsda deyil, çox mürəkkəb beynəlxalq münasibətlər mövcud olan bir planetdə yerləşir. Azərbaycanda gedən milli-azadlıq hərəkatı Ümumittifaq və Ümumdünya demokratik prosesinin üzvi tərkib hissəsidir. Bu proseslər müəyyən ictimai qanunauyğunluqlara malikdir və müəyyən mərhələlərdən keçir. Həm ləngimək, həm də tələsmək xalqımıza ağır fəlakətlər gətirə bilər. Hər bir addımımız bütün daxili, ittifaq miqyaslı və beynəlxalq amillər nəzərə alınmaqla atılmalı, xalqın taleyi üçün məsuliyyət başlıca meyarımız olmalıdır. Şəxsi mənfəət və ya şəxsi nüfuz naminə xalqımızın taleyini qumara qoyanlarla yolumuz bir ola bilməz. Yaxın gələcəkdə başlıca vəzifəmiz xalqımızın azadlıq və demokratiya uğrunda mübarizəsini magistral inkişaf yoluna çıxarmaq üçün təşkilat mərhələsindən parlament mərhələsinə körpü salmaqdır.”
Xural.com



