
İranlı rejissor həbs cəzasından qurtulmaq üçün Avropaya qaçıb
İranlı kinorejissor Məhəmməd Rəsulof İranı gizli şəkildə tərk etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərara səbəb onun barəsində hökm ilə bağlı aldığı bildiriş olub. Ölkənin təhlükəsizliyinə xələl gətirdiyinə görə məhkəmə onu şallaq və 8 il həbs cəzasına məhkum edib.
“Milli təhlükəsizliyə qarşı sui-qəsd”də ittiham olunan Rəsulof bir neçə gün əvvəl İrandan Avropaya getdiyini bildirib.
Rejissorun bəyanatını Rəsulofun bu yaxınlarda çəkilmiş “Müqəddəs əncirin toxumu” kinodramını yayımlayan “Films Boutique” və “Parallel45” şirkətləri dərc edib.
İran hakimiyyəti filmin dünən Fransada açılan Kann Film Festivalından çıxarılması üçün rejissora təzyiq göstərirdi.
M.Rəsulof deyib ki, ayrılmaq qərarına gələrkən çox düşünməli olmayıb. “Həbsxana və mühacirət arasında seçim etməli oldum. Ürək ağrısı ilə könüllü sürgünü seçdim”, – o bildirib.



