
İRAN DEMOKRATİKLƏŞƏ BİLƏCƏKMİ?!
İranda Demokratik İslahat Hərəkatının Məğlubiyyət Səbəbləri və Çıxış Yolları (I)

Dr. Rəhim CAVADBƏYLİ (JAVADPOUR)
1990-cı illərin əvvəllərindən etibarən, xüsusilə də Məhəmməd Xatəminin prezidentliyi dövründən başlayaraq, “Demokratik İslahat” anlayışı ölkənin siyasi səhnəsində əsas siyasi jargon kimi öz yerini tutmuş və müəyyənedici bir diskurs kimi qəbul edilmişdir.
Samuel P.Huntingtonun ilk dəfə 1993-cü ildə Foreign Affairs jurnalında məqalə şəklində dərc etdiyi və daha sonra 1996-cı ildə genişləndirərək The Clash of Civilizations and the Remaking of World Order (“Sivilizasiyaların Toqquşması və Dünya Nizamının Yenidən Qurulması”) adı ilə kitab halına saldığı siyasi-fəlsəfi əsərindən sonra, İran İslam Respublikasının islahatçı prezidenti Məhəmməd Xatəmi 1997-ci ildə bu yanaşmaya cavab olaraq “Dialogue Among Civilizations” (“Sivilizasiyalar Dialoqu”) konsepsiyasını irəli sürdü. Bu təşəbbüslə, İranda yenicə gündəmə gətirilmiş “Demokratik İslahat” prosesi qlobal miqyasda İranla bağlı ən mühüm mövzulardan biri kimi nəzərdən keçirilməyə başlanıldı.
Nəticə etibarilə, “İranda Demokratik İslahat Zəruridir” tezisi Qərb dünyası, xüsusilə Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu institut və qurumları tərəfindən açıq şəkildə dəstəklənməyə başladı.
“İranda Demokratik İslahat Zəruridir” ifadəsi Qərb yönümlü düşüncə mərkəzləri başda olmaqla, siyasi güc mərkəzlərinin və qərarverici orqanların İranla bağlı irəli sürdükləri ən mühüm şərt və siyasi arqumentə çevrildi. Artıq 30 ildir ki, başlanğıcda müəyyən olunmuş məqsədlərə dair nəzərəçarpacaq və konkret nəticələr əldə olunmamasına baxmayaraq, bu proses hələ də davam etdirilməkdədir.
ABŞ başda olmaqla, Böyük Britaniyanın və ümumilikdə Qərb yönümlü aktorların bu demokratik islahatlardan gözləntiləri nələrdir?
Açıq və birmənalı şəkildə qeyd edilməlidir ki, bu prosesdən iki əsas məqsəd güdülür:
- İranın 1979-cu ildən etibarən kənarlaşdırdığı ABŞ-ın, eləcə də Böyük Britaniyanın siyasi cəhətdən təsirsizləşdirməklə Çin Xalq Respublikası və Rusiya Federasiyası ilə qurulmaqda olan üçtərəfli ittifaq təşəbbüslərindən imtina etməsini təmin etmək, bununla da yenidən Qərb yönümlü bir strategiyanın ön plana çəkilməsinə nail olmaq və
- İranın Alternativ Sivilizasiya Quruculuğu ideyasından imtina etməsi və 1800-cü illərdən etibarən qlobal miqyasda formalaşdırılmağa başlanılan Müasir Sivilizasiya çərçivəsində müəyyənləşdirilmiş qadın hüquqları başda olmaqla digər ictimai və fərdi hüquq və azadlıqları rəsmi şəkildə qəbul etməsidir.
Lakin 40 ildən sonra, İrana qarşı ciddi, sarsıdıcı, ağır və aşındırıcı zərbələrin endirilməsinə baxmayaraq, İslam Respublikası mədəni aşınma prosesinə rəğmən həm ayaqda qalmağı, həm Çin və Rusiya ilə ittifaq strategiyasını həyata keçirməyi, həm də özünün geniş sosial bazasını formalaşdırmağı bacarmışdır.
1980-ci illərin sonlarından etibarən, xüsusilə Məhəmməd Xatəmi ilə başlanan bu Demokratik İslahat Hərəkatının, ABŞ başda olmaqla bütün Qərb yönümlü aktorların dəstəyinə baxmayaraq niyə uğur qazana bilmədiyi sual edilməlidir.
Ölkədə mədəni aşınmadan başqa əhəmiyyətli bir nailiyyət əldə edə bilməyən Demokratik İslahat Hərəkatı, ABŞ başda olmaqla Qərb yönümlü aktorların düşündüklərini, nəzəri deyil, açıq, aydın və konkret şəkildə reallaşdırmaq istədikləri əsas hədəflərə çatmaqda da ciddi məyusluq yaşamışdır.
Üstəlik, bu məyusluğun yaşanması ilə kifayətlənməyərək, ölkədə Qərb yönümlü bir strategiyanın ön plana çıxmasını təmin etmək öhdəliyini daşıyan Demokratik İslahat Hərəkatının aparıcı simalarının böyük əksəriyyəti də əks cəbhənin – yəni mühafizəkar (conservative) qanadın – əlində Qərb yönümlü mərkəzlərə qarşı siyasi fiqurantlara çevrilmişlər.
Belə böyük bir siyasi iflasın arxasında duran əsas problem nədir?
Açıq və aydın şəkildə qeyd etməliyəmki; bu siyasi iflasın arxasında dayanan amil, hakim mühafizəkar təbəqə ilə eyni siyasət və millət anlayışının paylaşılması və əsas alınmasıdır;
1925-ci ildən əvvəlki İranın həqiqi etnik quruluşunun, mədəni və siyasi kimliyinin tamamilə nəzərə alınmaması ilə yanaşı, 1925-ci ildən sonrakı müasir millət-dövlət dövründə fars dili üzərindən zorla təlqin və təhmil edilmiş Fars Düşüncə Sisteminin əsas götürülməsidir.
İranın 1925-ci ildən əvvəlki reallıqları görməzlikdən gələrək qəbul edilən bütün qərarlar iflasa uğrayır, çünki bu qərarlar süni xarakter daşıyır və cəmiyyətin iradəsini əks etdirmir. Belə qərarlar yalnız keçmişdə olduğu kimi zorla tətbiq edilə bilər; məsələn, 21 fevral 1921 çevrilişində olduğu kimi.
Məsələn:
1925-ci ilə qədər İranın Səlcuqlular, Elxanlılar, Əmir Teymurlular kimi türk dövlətlərinin yeganə hüquqi varisi olduğu heç müzakirə olunurmu?
Müzakirə olunmaz!
1925-ci ilə qədər İranın türk və türklük əsasında şərh edildiyi heç gündəmə gətirilirmi? Gətirilməz!
1925-ci ilə qədər İranın əsas və qurucu ünsurunun türk olduğu məsələsi haqqında danışılırmı?
Danışılmaz!
1925-ci ilə qədər türk ve fars dillərinin iki əsas dövlət dili olduğu faktı gündəmə çıxarılırmı?
Çıxarılmaz!
1979 İran İslam İnqilabına qədər, İranda “dövlət dili” haqqında konstitusiya səviyyəsində hər hansı qanun maddəsinin olmadığı müzakirə olunurmu?
Olunmaz!
Fars dilinin rəsmi, hüquqi və məcburi dövlət dili olmasına dair konstitusiya səviyyəsində ilk qanun maddəsini qəbul edən dövlətin İran İslam Respublikası olduğu faktı açıqlanırmı?
Açıqlanmaz!
Bəli, bu nümunələrin sayını daha da artıra bilərəm.
İranda fars dilinin rəsmi, hüquqi və məcburi dövlət dili olduğunu ilk dəfə irəli sürən konstitusiya, İran İslam Respublikasının Konstitusiyasıdır. Bu, konstitusiyanın 15-ci maddəsində əksini tapmışdır. İlk dəfə olaraq, bu 15-ci maddə vasitəsilə İranda fars dili rəsmi, hüquqi və məcburi status qazanmış, türk dili isə qeyri-rəsmi elan edilmişdir.
Beləliklə, fars dili rəsmi statusda qəbul edilərək, fars düşüncə sistemi konstitusiya səviyyəsində hakim olmuş, türk dili isə qeyri-rəsmi elan edilməklə, türk kimliyi məhkum vəziyyətinə salınmışdır.
Qeyd etməliyəmki; Pəhləvi dövründə bu türklərə qarşı olan siyasət yalnız Ayinnamələr/ Fərmanlar, Bəxşnamələr (idarəetmə qaydalarına görə verilən qərarlar) və göstərişlərlə mümkün olmuşdur. Çünki Pəhləvi dönəmi geçərli sayılan əsas Məşrutə qanunu çərçivəsində parlament (Milli Məclis) ölkənin və dövlətin “rəsmi dili” haqqında qanun maddəsi qəbul etmək cəsarətini göstərməmişdir. Bu cəsarəti ilk dəfə olaraq İran İslam İnqilabı lideri Ayətullah Xomeyni nümayiş etdirmişdir.
İndi sual edirəm: Demokratik İslahat Hərəkatının aparıcı simaları Ayətullah Xomeynidən və ya hazırkı dini lider Ayətullah Seyid Əli Xameneyidən daha çox fars düşüncə sisteminə bağlı olacaqlarmı?
Daha çox bağlı olsalar, bunun nə fərqi var?
Tətbiq edilən Düşmən Hüququndan (Enemy Criminal Law) daha ağır və ölümcül tətbiqlərmi qüvvəyə minəcək?
İran İslam İnqilabının qurucusu Ayətullah Xomeyni İran tarixində ilk dəfə fars dilini konstitusiya səviyyəsində rəsmi, hüquqi və məcburi dil kimi təsdiqlədi və türk dilini qeyri-rəsmi elan edərək türklərin məhkum (kimlik etibarı ilə) vəziyyətinə düşməsini təmin etdi.
Ayetullah Seyid Əli Xameneyi isə uzun müddətli rəhbərliyi dövründə fars düşüncə sisteminə nə qədər bağlı olduğunu sübut etmişdir. Fars dilinə göstərdiyi xidmətlər və mərkəzi əyalətlərə tanıdığı üstünlüklər buna sıradan nümunələr kimi göstərilə bilər.
Burada əziz oxucularım üçün sadə bir nümunə təqdim edəcəyəm: 1925-ci ildə İran müasir millət-dövlət dövrünə 10 milyon əhali ilə başlamışdır. Bu gün isə əhalisi doqquz dəfə artaraq 90 milyona çatmışdır.
1920-ci illərin statistik göstəricilərinə görə; Tehran təxminən 350 min nəfər əhaliyə malik idi (əsasən türk), Təbriz 300 min (türk), Əhər 30 min (türk), Urmiya 50 min (türk), Ərdəbil 30 min (türk), Hoy 40 min (türk), Mərənd 40 min (türk), Marağa 40 min (türk), Kazvin 40 min (türk), Zəncan 30 min (türk), İsfahan 40 min (türk və farsdilli), Şiraz 40 min (türk və farsdilli), Kirman 25 min (türk və farsdilli), Yezd 25-30 min (əsasən farsdilli və qismən türk), Məşhəd 70 min (türk və farsdilli), Gilan 40 min (türk və gilək), Miyanduab/Sultanabad 20 min (türk), Miyana 20 min (türk) əhalisi vardı.
1920-ci illərdə 40 min əhalisi olan İsfahan, 60 dəfə artaraq 2,327,990-a, 25 min əhalisi olan Yezd 50 dəfə artaraq 1,384,200-ə, 50 min əhalisi olan Urmu/Urmiyə 14 dəfə artaraq 736,224-ə (1990-cı illərdən etibarən İraqdan köç etmiş kürtlərin hesabına qeyri-rəsmi artım müşahidə olunur), 300 min əhalisi olan Təbriz isə 5 dəfə artaraq 1,695,670 nəfərə çatmışdır.
Bu etnik statistik məlumatları sənaye, xidmət sektoru, elmi və mədəni fəaliyyətlərlə bağlı mövcud göstəricilərlə müqayisə etsək, farsdilli olmayan əhali ərazilərinə qarşı Düşmən Hüququnun tətbiq edildiyi açıq şəkildə görünür.
Bu statistik məlumatlara toxunmağın məqsədi ölkədə inkişaf, əhali və sərvət artımı baxımından bölgələr arasındakı uçurumu göstərməkdir.
Məsələn, bu sətirləri yazarkən, Xuzistanın İbadan/Abadan şəhərində yerləşən Hurul-Əzim bataqlığı və Azərbaycanın Urmu gölü tamamilə qurumaq üzrədir, halbuki iyul ayında susuz və kəvir/quraqlıq bölgədə yerləşən İsfahan əyalətinin sənayesinin su problemi yaşamaması üçün dünyanın ən böyük su layihələrindən biri sayılan Fars Körfəzi/Umman Dənizi Su Transferi Layihəsinin açılışı keçirilmişdir.
Bu layihə, Oman Dənizi (və İran Körfəzi) sahillərindən dəniz suyunun götürülərək duzdan təmizlənməsi və boru xətti vasitəsilə Yəzd, İsfahan, Kirman, Hürmüzqan və bəzi şimal-şərq əyalətlərinə çatdırılmasını əhatə edir. Ümumi boru xətti uzunluğu təxminən 3,700 km-dir. Layihə ümumilikdə “Fars Körfəzi/Umman Dənizi Su Transferi Layihəsi (Hope Transfer Line)” adı ilə tanınır.
Layihənin ilkin mərhələsindən etibarən təxminən 2,7 milyard ABŞ dolları maliyyə tələb olunmuşdur. İlk mərhələlər üçün 2,5 milyard Avro, layihənin genişləndirilməsi ilə birlikdə isə ümumi olaraq təxminən 3,9 milyard dollar maliyyə proqnozlaşdırılır.
Bu 70-80 ildə bir nəfər deməmiş ki; su olmayan, suyun tapılmadığı sahrada yerləşən İsfahan və Yəzd kimi balaca şəhərlərdə ən çox su istehlakına ehtiyac olan fabrikaların təsis edilməsi vətənə və millətə qarşı bir cinayətdir, xəyanətdir!
Farsdilli olmayanlara qarşı Düşmən Hüququnun tətbiq olunduğu bir mühitdə, İranda türklüyü inkâr edən və fars düşüncə sistemini əsas götürən Demokratik İslahat Hərəkatının cəmiyyət tərəfindən qəbul edilməsini gözləmək, ən yumuşaq ifadə ilə desək, sadəlövhlük olar.
İndi belə bir şəraitdə Demokratik İslahat Hərəkatının liderləri, farsdilli olmayanlara qarşı Düşmən Hüququnun tətbiq olunduğu dövrün qurucu lideri sayılan Ayətullah Xomeynidən və ya hazırkı lider Ayətullah Xameneyidən daha çox farsçı olacaqlarmı? Həll yolu budur!?
Rəsmi sayılacaq bəzi məlumatlara görə, hazırda ölkə əhalisinin təxminən 70%-i farsdilli deyil və qeyri-rəsmi məkanlarda farsca danışmır. Belə bir mühitdə, etnik baxımdan ölkə əhalisinin orta hesabla yarısından çoxunu təşkil edən türklər başda olmaqla, Lar, Lor, Lək, Gilək, Kırmanci, Gurani, Surani, Bəluc, Ərəb kimi yerli və regional icmaları inkâr edən fars düşüncə sisteminin nə əsasında olmasına baxmayaraq, xalq tərəfindən qəbul edilməsini gözləmək əsla mümkün deyildi.
Belə bir vəziyyətdə və mühitdə Fars düşüncə sistemində israr etmək, əslində əvvəldən düşünülmüş bir şəkildə ölkəni parçalanmağa məhkum etmək deməkdir.
Belə bir vəziyyətdə nə etmək lazımdır?
Bəli, İranda Demokratik İslahata su və hava kimi ehtiyac vardır. İnsan faciələrinin qarşısını almaq üçün buna ciddi ehtiyac var. Lakin mövcud vəziyyətdə tətbiq edilən fars düşüncə sisteminin siyasət və millət anlayışı ilə bu mümkün deyildi. Anlayışın özündə böyük bir islahata ehtiyac vardır.
Farsdillilərin 7-8 mərkəzi quraqlıq əyalətlərdə çoxluq təşkil etməsinə baxmayaraq, ölkənin təxminən 30 əyalətində tarixən olduğu kimi bu gün də mövcudluğunu hiss etdirən türklər üçün əllə tutulur, konkret vədlər verilməlidir.
Demokratik İslahat Hərəkatının ölkənin əsas və qurucu ünsuru olan türklər üçün konkret nə vəd etdiyi açıq şəkildə ifadə edilməlidir.
İranda həqiqi Demokratik İslahatın yolu; azlıqların hüquqları daxil olmaqla, 1925-ci ilə qədər olduğu kimi türk dilinin fars dili ilə birlikdə rəsmi, hüquqi və məcburi dövlət dili kimi qəbul edilməsindən başlayır.
Ölkənin əsas sahiblərini dilsiz qoymaqla həyata keçirilən mədəni soyqırımla Demokratik İslahat olmaz, olsa da xaosla nəticələnər. Bu da İran və bölgəmiz üşün bir faciə olar.
Demokratik İslahat Hərəkatının uğursuzluğunun əsas səbəbi; ölkənin əsas və qurucu ünsuru olan, bütün əyalətlərdə öz varlığını hiss etdirən, lakin tamamilə öz dil və mədəniyyətindən məhrum edilən türkləri ya inkâr edən, ya da onları yerli və regional icmalar səviyyəsində qəbul edən bir yanaşmanın hâkim olmasıdır.
Bu da qaçılmaz olaraq türklərin əzici çoxluğunu mövcud şərtlərə bağlı qalmağa və sistem ətrafında birləşməyə məcbur edir. Başqa sözlə, Demokratik İslahat Hərəkatı türklərə ciddi və əllə tutulur bir gələcək təqdim etməməklə onları mövcud sistem ətrafında birləşməyə məhkum edir.
Demokratik islahat üçün ilk növbədə bu siyasət və millət anlayışındaki tanınmış ayrı-seçkilik və üstünlüklər aradan qaldırılmalıdır.
Atalar sözüdür: “İranın bir ovuc torpağını əlinə alıb sıxsan, türkün qanını fışqırar.”
Həqiqi Demokratik İslahat İranda türk kimliyini inkâr etməklə yox, əksinə tarixən olduğu kimi fars dili ilə bərabər Türk dili ve milli kimliyini əsas götürən bir yanaşma ilə mümkündür.
İranda Demokratik İslahat Hərəkatının aparıcıları və mütəfəkkirləri bu məsələyə obyektiv şəkildə diqqət yetirsələr, Demokratik İslahatlar ölkə və bölgə üçün parlaq gələcək vəd edə bilər.
Unutmaq olmaz ki, İranda mövcud vəziyyətdə hâkim olan əsassız fars düşüncə sistemi, İranı Ərəb Birliyi ilə Türk Birliyi arasında çıxılmaz vəziyyətə salmışdır.
İran 1925-ci ilə qədər Ərəb yarımadası və Yaxın Şərqdən çox Anadolu, Qafqaz və Orta Asiya türklüyü ilə sıx vəhdət içində olmuşdur. Ölkənin əsas və qurucu unsurunun türk olması nəzərə alınaraq, İranın bu gün Yaxın Şərq və Ərəb Birliyi ilə deyil, Türk Birliyi içində qiymətləndirilməsi zəruridir. Demokratik islahatların reallaşması ilə İran Türk Birliyində tarixi vəzifələrini üzərinə götürəcəkdir.
İran, Türkiyə, Azərbaycan və digər türk dövlətləri ilə birlikdə güclü, böyük və zəngin Türk Birliyinin yaradılmasında və nəticə etibarilə Hindistan, Rusiya və Çin arasında ən önəmli tarazlıq ünsürünün formalaşmasında xüsusi rol oynaya bilər.
Bu çərçivədə mövcud olacaq İran Türkiyə ilə çiyin-çiyinə həm ABŞ, həm də AB ilə geniş sahələrdə ortaq maraqları paylaşa bilər. Məqalənin ikinci hissəsində İranın Türk Mədəniyyət Mərkəzinə yönəlmiş geosiyasi mövqeyi qiymətləndiriləcəkdir.

Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi Doktrinasına əsasən
İran və digər Türk Dövlətləri Birliyi Xəritəsi



