
İordaniyada ABŞ-ın üç hərbçisi öldürülüb
İordaniyanın şimal-şərqində, Suriya sərhədinə yaxın yerləşən ABŞ qoşunlarının mövqelərinə dron hücumu zamanı üç amerikalı hərbçi həlak olub, bir neçəsi yaralanıb.
ABŞ prezidenti Co Bayden (Joe Biden) yanvarın 28-də bu haqda məlumat verib və hücuma görə məsuliyyəti İranın dəstəklədiyi qruplaşmaların üzərinə qoyub.
“İndilik hücumla bağlı faktları yığırıq, amma bilirik ki, onu İranın dəstəklədiyi, Suriya və İraqda fəaliyyət göstərən radikal qruplaşmalar gerçəkləşdirib”, – Bayden deyib.
Prezident vurğulayıb ki, ABŞ günahkarları “özü seçdiyi vaxtda və üsulla” məsuliyyətə cəlb edəcək.
İordaniya hərbi əraziyə “terror hücumu”nu pisləyib, sərhəd mühafizəsinin gücləndirilməsi üçün Birləşmiş Ştatlarla əməkdaşlıq etdiyini bildirib.
Daha öncə isə hökumətin sözçüsü iddia edib ki, bu hücum İordaniya torpağına deyil, sərhədin o tayına, Suriyadakı ABŞ bazasına olub.
AzadlıqRadiosunun fars xidməti – Radio Fərda-ya danışan təhlilçilər bu hücumu “böyük eskalasiya” adlandırıb, ABŞ-ın buna “qətiyyət və çevikliklə” cavab verməli olduğunu deyiblər.
Bəzi müşahidəçilər Yaxın Şərqdə münaqişənin genişlənməsindən narahatlıq bildiriblər. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailə hücum edəndən sonra İsrail Qəzzanı bombalamağa başlayıb.
İordaniyada Pentaqonun 3 min əsgəri var.



