
İlkin Süleymanovun apelyasiya şikayəti təmin edilmədi
Yayımlandı: 31 İyul 2024 15:34
“Çox təəssüf ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində ya sifarişlə, ya göstərişlə vicdansızcasına hökm çıxarıldı”
Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyitini isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verdiyi şikayətə baxılıb.
İyulun 31-də Gəncə Apelyasiya Məhkəməsində çıxarılan qərara əsasən, İlkin Süleymanov haqqında hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məhkəmədə İlkin Süleymanov təqsirsiz olduğunu bildirib, cinayətkarların əvəzinə 5 ilə yaxındır ki, nahaqdan cəza çəkdiyini deyib:
“Mənim təqsirsiz olduğumu təsdiqləmək üçün başqa sübutlara ehtiyac yoxdur. Vəkillərimin, mənim burada sadaladıqlarımızın bir neçəsi nəzərə alınsaydı, kifayət idi. Çox təəssüf ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində ya sifarişlə, ya göstərişlə vicdansızcasına hökm çıxarıldı”.



