İctimai yayım qanununa dəyişikliklər qapalı tutulur

07.06.2012
“İctimai televiziya və radio yayımı haqqında” qanuna əlavə və dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü olması xəbəri yayılıb.  Rəsmi olmayan bilgilərə görə, guya qanuna ictimai yayımçının əcnəbi serialları, filmləri Azərbaycan dilinə çevirib yayımlaması, ictimai yayımçının dövlət büdcəsindən maliyyələşməsi, ictimai yayımçının öz ımlakı üzərində mülkiyyət hüquqları və yayım xidmətinin rəhbərlərinin seçilməsi qaydaları ilə bağlı müddəalar əlavə ediləcək. Media bu təkliflərlərin Milli Məclisin mədəniyyət komitəsində müzakirə olunaraq plenar iclasının müzakirəsinə və səsverməyə çıxarılması qərara alındığı barədə məlumat yayıb. Xəbərlərdən təklif edilən dəyişikliklərin dəqiq məzmunu, dərişikliklərin məqsədi və asaslılığı aydın olmur.
Media Hüququ İnstitutu ictimai yayımla bağlı toplumun maraqlarına toxunan bu mühüm qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər üzərinə çəkilən qapalılığı qınayır. MHİ ifadə azadlığı ilə sıx bağlı olan qanuna dəyişikliklər nəzərdə tutan təkliflərin ictimaiyyət, ifadə azadlığı sahəsində çalışan qurumlar və ekspertlərlə hər hansı müzakirələr aparmadan, tələm-tələsik, gizli və qeyri-şəffaf qəbul edilib səsverməyə göndərilməsinə təəssüf edir. Qanunvericilik təklifinin şəffaf şəkildə, müzakirələrdən sonra qəbulu onun keyfiyyətini artırmağa, qanunların daha düzgün anlanmasına, qanunlara olan inamın güclənməsinə və nəticədə düzgün və səmərəli tətbiqinə əvəzolunmaz töhvə verə bilərdi.
“İnformasiya əldə edilməsi” haqqında qanun “normativ hüquqi aktların layihələri yuxarı quruma ra¬zılaşdırmaya göndərildiyi andan topluma açıqlanmalıdır” deməsinə baxmayaraq təəssüf ki, nə bu qanunvericilik təklifinin təşəbbüskarı olan Prezident Adminstrasiyası, nə də Milli Məclis bu qanunvericilik təklifini hələ də öz saytlarından açıqlamamış, ictimai diqqətdən kənarda saxlamışdır.

Media Hüququ İnstitutu hesab edir ki, hazırda parlamentdə səsverməyə göndərilmiş qanunvericilik təklifinin ictimai meydana çıxarılması və müzakirələrin aparılması hələ də gec deyil. MHİ Ölkə Parlamentini bu layihənin tam mətnini açıqlamağa və təklif olunan dəyişikliklərin vətəndaş cəmiyyəti qurumları, media ekspertləri ilə birgə müzakirəsini təşkil etməyə çağırır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button