
Ictimai Palata üzvləri aclıq aksiyasına qoşuldu
15.05.2012
İctimai Palatanın bir qrup üzvü mayın 16-dan Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıblar. Beşi qadın, üçü kişi olmaqla aclığa başlayan 8 nəfərin arasında İP-nın 2 aprel 2011-ci il aksiyasına görə həbs edilmiş, indi artıq azadlıqda olan müsavatçı Elşən Həsənli, eləcə də övladları hazırda həbsdə olan Başxanım Abbaslı və İbrahim Hacıbəyli də var.
Aksiyada məqsəd beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı şəxslərin həbsdən azad olunması və «Eurovision-2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməkdir.
Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı deyir ki, daha dörd nəfər aclığa başlamaq niyyətindədir və bu aksiya davamlı olacaq. Hazırda müxtəlif cəzaçəkmə müəssisələrində saxlanan 2 aprel məhbusları da mayın 15-dən həbsxanada aclıq aksiyasına başlayıblar. Gülağa aslanlının sözlərinə görə, Rüfət Hacıbəyli istisna olmaqla aclıq edənlərin hamısı karserə salınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə aclıq edənlərin karserə salınması barədə deyilənləri təkzib edib. Və AzadlıqRadiosuna bildirib ki, 2 aprel məhbuslarından cəmi altı nəfər aclıq aksiyasına başlayıb: «Mövcud qanunvericiliyə görə belə bir aksiyaya başladığını elən edən məhbuslar digərlərindən təcrid edilirlər. Həmin altı nəfər də həbsxana əməkdaşlarının və həkimin nəzarəti altında ayrıca saxlanılırlar»
“Azadlıq” radiosu




