
İctimai Palata şəhərin mərkəzində yürüş keçirdi
İctimai Palatanın bu günə planlaşdırdığı etiraz aksiyası bu gün saat 13-də Fəvvarələr meydanında başlayıb. Yüzlərlə İctimai Palata fəalı Fəvvarələr meydanına daxil olaraq “İstefa!”, “Azadlıq!” şüarları səsləndiriblər.
Etiraz aksiyasını keçirməyə səbəb Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palataya əlverişli mitinq meydanı ayırmasından imtina etməsi olub. Aksiya iştirakçıları əvvəlcə Nizami küçəsində toplaşıblar və «İstefa», «Demokratiya», «Korrupsiyaya yox» şüarları səsləndiriblər. Polis səsgücləndiricilər vasitəsilə aksiyaçıları dağılışmağa, ictimai asayişi pozmamağa çağırıb, şəhərdə «çoxlu qonaqlar olduğunu» xatırladaraq, “Eurovision” mahnı yarışmasına işarə edib.
İP aksiyaçılarının daha bir qrupu Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşaraq şüar səsləndiriblər. Polislər və mülki geyimli cəza dəstələri fəallar qarşı aqressivlik nümayiş etdirib, onları döyüblər. 20-dən artıq İP fəalı saxlanılaraq üzərinə “Eurovision” yazılmış avtovuslara doldurulublar. Bənzər aksiya Sabir bağında da olub. Burada da fəalların aksiyası zorakılıqla dağıdılıb. Qoşa Qala qapısının önündə etiraz aksiyasının qarşısını alan və onlara zor tətbiq edən polis qüvvələri aksiyanın başa çatdığını güman edib dağılışıblar. Lakin gözlənilmədən aksiyaçıların daha bir qrupu Natəvanın heykəlinin həndəvərində toplaşaraq yenidən şüarlar səsləndiriblər. Bir qədərdən sonra polis qüvvələri onların qarşısını alıblar, toqquşma yaranıb. Bir qadının ürəyi gedib, onu özünə gətirmək üçün təcili tibbi yardım brbqadası çağırılıb. Aksiya xarici jurnalistlərin müşayiətilə keçib. Yüzlərlə insanın iştirakı ilə keçirilən və növbəti dəfə jurnalistlərə təzyiqlərlə müşahidə olunan aksiya başa çatıb.
XuralTAC




