Hərrac baş tutmadı

Vüqar Səfərli

17.04.2012

Hakimiyyət bu yolla müstəqil mətbuata dəstək verir

“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC  Nərimanov rayon İcra Şöbəsinin 17/69 N-li 21.02.2012-ci il tarixli sifariş məktubuna əsasən, “Xural” qəzetinə məxsus texniki avadanlıqların hərraca çıxarılması haqda məlumat yayıb. Bu məlumatların 1 ay müddətində elan olunmasına baxmayaraq “Xural”ın əmlakını almaq üçün müraciət edən olmayıb” deyən ƏİHM-nin əməkdaşı onu da bildirib ki, 45 gün müddətində ikinci hərrac olunacaq və əmlakın dəyəri 15 faiz azaldılacaq. Bundan sonra da əmlakı əldə etmək üçün müraciətlər olmasa bir daha qiymətlər endiriləcək və növbəti hərracın vaxtı müəyyənləşdiriləcək. Xatırladaq ki, əmlakın ilkin satış qiyməti 1430 manat dəyərləndirilib. 

Hərrac ədalətsiz məhkəmələr tərəfindən heç bir araşdırma aparmadan çıxarılmış qərarların nəticəsində həyata keçirilir. Bunu tələb edənlər isə Azərbaycanda müstəqil mətbuatın olduğunu iddia edən KİV DF-nin prezidenti Vüqar Səfərli, “Azərbaycan” nəşriyyatının prezidenti Ağabəy Əsgərov, həmçinin milli dəyərlərimizə xor baxan “müğənnicik” Nüşabə Ələsgərlidir. Ramiz Mehdiyevin adı “tələbkarlar” siyahısından çıxarılıb

Qeyd edək ki,  “Xural” qəzetinə məxsus texniki avadanlıqlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural”a qarşı qaldırdığı iddia əsasında ədalərsiz və qorxaq məhkəmələr tərəfindən 10 dəqiqə müddətində çıxarılmış hökmün icraata yönləndirilməsi nəticəsində müsadirə olunmuşdu. Lakin  ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən göndərilən bildirişdə nədənsə Ramiz Mehdiyevin adı çıxarılıb. Halbuki, “Xural”a qarşı sələb yürüşü məhz Ramiz Mehdiyevin açıq-aşkar azad mətbuata qarşı etdiyi hücumlardan sonra başlamışdı. O baxımdan R.Mehdiyevin adının iddialılar  siyahısından,  həm də istintaq materiallarından çıxarılması Azərbaycanın hüquq sistemində anoloqsuz hadisə kimi dəyərləndirilməlidir. Əldə etdiyimiz məlumatlara görə, Ramiz Mehdiyev adının beynəlxalq təşkilatların siyahıya salınmasından və bu siyahılarda hallandırılmasından narahat olub. Ona görə də adı ilə bir yerdə “Xural”a qarşı qaldırdığı 10 min manatlıq iddiasını da “yoxa çıxarıb”.  Bununla belə tam sərəncamında olan  KİV DF-nin prezidenti Vüqar Səfərlini və “Azərbaycan” nəşriyyatının prezidenti Ağabəy Əsgərovu irəli verərək, çıxış yolunu bu məsələdən uzaqlaşmaqda görüb.  Halbuki “Xural”a qarşı iki ilə yaxın apardığı mübarizədə oynadığı rol ona pərdəarxasında saxlanmağa imkan vermir.

Digər tərəfdən prezident tərəfindən müstəqil mətbuata dəstək məqsədilə yaradılmış KİV DF-nun sədri Vüqar Səfərlinin adının bu siyahıda saxlanılması media yönləndiricilərinin Azərbaycan mətbuatına münasibətindən xəbər verir. Hakim qəzetlərə hər il dövlət büdcəsindən milyonlarla manat ayrıldığı halda müstəqil qəzetin bütün imkanlarının qarşısı alınır, susdurulur və əmlakı da KİV DF sədri tərəfindən hərraca çıxarılır. Bu Azərbaycan mətbuatının hansı vəziyyətdə olmasının real göstəricisidir.

Haşıyə: Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu məsələnin prinsipial olduğunu dostların diqqətinə çatdırır və artıq istifadə müddəti başa çatmaqda olan bütün texniki avadanlıqların dostlar tərəfindən alınmasını tövsiyyə edir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button