
Həbsxanadan Avropa Yayım Birliyinə çağırış
Əvəz Zeynallı: “Siyasi sifarişlə qəzetimizi cərimələtdirən şirkət “Eurovision”un sponsuru ola bilməz”
Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Avropa Yayım Birliyinə (AYB) müraciət edib. Bu barədə redaksiyamıza “Xural” qəzetinin direktoru Nizami Həsənli məlumat verib. Onun sözlərinə görə, Ə. Zeynallı 2012-ci ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan “Eurovision” mahnı müsabiqəsinin rəsmi sponsoru olan “Baltika-Bakı” MMC-nin söz və mətbuat azadlığına qarşı yönələn addımlarından narazılığını bildirib.
Ə.Zeynallı “Baltika-Bakı” MMC-nin rəhbəri, Rusiya vətəndaşı Adam Tlexurayın “Xural”ı 50 min manat məbləğində cərimələtdirdiyini vurğulayıb: “Baltika-Bakı” MMC-də baş verən qanunsuzluqlar və şirkətin əməkdaşlarının redaksiyamıza ünvanlandıqları şikayət məktublarını qəzetimizdə dərc etmişik. Şirkətin rəhbəri göstərilən neqativ halları aradan qaldırmaq əvəzinə “Xural” qəzetinə qarşı basqılara başladı. 2011-ci ilin oktyabr ayında mənə qarşı 150 min manatlıq maddi təzimat davasına başladı. Həmin dövrdə mənim vəsatətim əsasında məhkəmə təxirə salındı. Mənim məlum həbsimdən sonra 2012-ci ilin yanvarın 23-də mənim və vəkilimin xəbəri olmadan gizli məhkəmə iclası keçirilərək “Xural” qəzeti 50 min manat məbləğində cərimə edilib”.
Ə. Zeynallı hesab edir ki, “Baltika-Bakı” MMC Azərbaycan hakimiyyətinin sifarişi ilə “Xural” qəzetinə qarşı iddia qaldırıb: ““Baltika-Bakı” MMC azad mətbuatı susdurmaq üçün Azərbaycanın siyasi hakimiyyətinin alətinə çevrilib. “Eurovision” kimi Avropa mədəniyyətini təcəssüm etdirəm nüfuzlu beynəlxalq yarışmanın rəsmi sponsorunun insan və söz azadlığının məhdudlaşdırılmasında bir başa rol oynaması qəbuledilməzdir. Hesab edirəm ki, Avropa Yayım Birliyi söz azadlığına qənim kəsilən bir şirkətin müsabiqəyə sponsorluq etməsinə imkan verməyəcək”. Bu arada məlum olub ki, Bakı İstintaq Təcridxanasında baş redaktor Əvəz Zeynallı ilə görüşüb müsahibə almaq məqsədilə ombudsmana, baş prokurora və Ədliyyə Nazirliyinə müraciət planlaşdırılır. Həmin görüşdə iştirak etmək istəyən hüquq müdafiəçiləri, baş redaktorlar və jurnalistlər hazırlanan müraciətə imza atmaqla məhbus baş redaktorla görüşə bilərlər.
Nemət




