Həbsdə olan daha bir icra başçısı haqda yüngülləşdirici qərar verildi

Yayımlandı: 26 Oktyabr 2023 19:33

Ceyhun Cəfərovun cəzasının başa çatmasına cəmi 1 il 4 ay qalıb

Həbsdəki keçmiş icra başçılarından daha biri – 2011-2014-cü illərdə Tərtərə, 2014-2020-ci illərdə isə Kürdəmirə rəhbərlik etmiş Ceyhun Cəfərovla bağlı yüngülləşdirici qərar verilib. Ona verilmiş 4 il 6 aylıq həbs cəzasından qalan 1 il 4 ayın məntəqə tipli müəssisədə çəkilməsi haqda qərar çıxarılıb. Bu qərarı Nizami Rayon Məhkəməsi verib.

Ceyhun Cəfərov 2020-ci ilin avqustunda Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində həbs olunub. Həmin vaxt onunla yanaşı, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov, xəstəxananın baş həkimi olmuş Məhəmməd Musayev, Təhsil Şöbəsinin keçmiş müdiri Mətləb Allahverdiyev, bu qurumun baş mühasibi Rəcəb Hüseynov da tutulmuşdu.

Keçmiş icra başçısı və adları çəkilən digər məmurların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxıldı. Ceyhun Cəfərova bu məhkəmədə 8 il 6 ay həbs cəzası kəsildi. Lakin Şirvan Apelyasiya Məhkəməsində onun cəzası 6 ilə endirildi. Bir müddət öncə Ali Məhkəmədə həm sabiq icra başçısının, həm də onunla birlikdə mühakimə olunanların cəzasını bir qədər də yüngülləşdirən qərar verilmişdi. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ildən 4 il 6 aya endirildi. Tacəddin Novruzovun cəzası 4 il 5 ay, digərlərinin cəzası isə 4 il 4 aya qədər azaldıldı.

Beləliklə, keçmiş icra başçısının cəzasının başa çatmasına cəmi 1 il 4 ay qalıb. O, məhkəməyə ərizə ilə müraciət edərək, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmişdi. Onun ərizəsi təmin olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları nəticəsində həbs olunan icra başçılarından 2011-2019-cu illərdə Yevlaxa rəhbərlik etmiş Qoca Səmədov 2023-cü il iyulun 26-da həbsdən buraxılıb. Məhkəmə onun vaxtından əvvəl həbsdən buraxılması üçün onun səhhətində – ürəyindəki problemlərlə bağlı ekspertiza rəyini əsas götürüb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button