Hüququ müdafiəçiləri və jurnalistlər Ə.Zeynallı ilə görüş üçün müraciət etdilər

04.04.2012

Hüququ müdafiəçiləri və jurnalistlər Ə.Zeynallı ilə görüş üçün Ədliyyə naziri Fikrət Məmmədova,  Penitensiar Xidmətin rəisi cənab Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, İnsan haqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanovaya hazırda Bakı İstıntaq Təcridxanasında həbsdə olan, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşmək üçün müraciət etdilər.

Müraciətdə deyilir:

Biz aşağıda imza atanlar, ötən ilin oktyabr ayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən deputat Gülər Əhmədovanın bir ərizəsi və sübut kimi dəyərləndirilməsi mümkün olmayan “disk yazısı” əsasında “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbs olunmasını qanunsuz hesab edirik.

Artıq 5 aydır ki, baş redaktorla ictimaiyyət nümayəndələrinin görüşünə icazə verilmir və bu istintaqın gedişinə təsir göstərən amil kimi qiymətləndirilir. Lakin ötən 5 ayda aparılan jurnalist araşdırmaları da belə qənaətə gəlib ki, Əvəz Zeynallı heç bir əsas olmadan, qanunsuz olaraq həbs edilib və bu amillər də ictimaiyyət nümayəndələrinin jurnalistlə görüşünün qarşısını almaq üçün bəhanədir. Jurnalistin hüquqlarının müdafiəsində birbaşa iştirak edən qurum və təşkilat nümayəndələri hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan baş redaktorla görüşmək və mətbuata qaranlıq qalan bir-sıra suallara cavab almaq niyyətindədir.

Xahiş edirik ki, bizim “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşməyimizə yardımçı olasınız.

Azərbaycanda insan haqlarının müdafiəsi ilk növbədə 4-cü hakimiyyət hesab olunan azad və müstəqil mətbuatın inkişafından qaynaqlanır. Hesab edirik ki, Əvəz Zeynallı azad və müstəqil mətbuatın nümayəndəsi kimi cəmiyyətdə qəbul edilir və onun qanunsuz olaraq həbsdə saxlanılması, süni olaraq haqqında “istintaq” müddətinin üzadılması ilə onun peşə fəaliyyətindən təcrid olunması Azərbaycanda insan haqlarının müdafiəsinə ciddi zərbə vurur. O baxımdan xahiş edirik ki, Əvəz Zeynallının həbsdən azad olunması və qanunların aliliyinin təmin olunması üçün səlahiyyətləriniz çərçivəsində ədalət nümayiş etdirəsiniz.

Əvvəlcədən təşəkkürümüzü bildiririk!

1. Mehman Əliyev “Turan” İA-nin direktoru
2. Emin Hüseynov İRFS/RATİ-nin sədri
3. Novella Cəfərova Azərbaycan İnsan Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri
4. Səadət Bənənyarlı Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli qrupu
5. Səidə Qocamanlı İnsan Hüquqları və qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri
6. Leyla Yunus Sülh və Demokratiya İnstitutunun rəhbəri
7. Anar Mahmudoğlu müstəqil jurnalist
8. Əfqan Muxtarlı “Preventiv Cavab Qrupu” nun rəhbəri
9. Şahvələd Çobanoğlu müstəqil jurnalist
10. Xədicə İsmayılova “Azadlıq” radiosunun Azərbaycan Bürosunun əməkdaşı
11. Nemət Hüseynli “Bizim Yol” qəzetinin əməkdaşı
12. İradə Cəfərova İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri
13. Arzu Abdullayeva Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinə
14. Şirin Cəfərli “Gündəm Xəbər” qəzetinin təsisçisi
15. Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri
16. Azər Həsrət müstəqil jurnalist
17. Qənimət Zahid “Azadlıq” qəzetinin baş redaktoru
18. Səyyarə Heydərova hüquq müdafiəçisi
19. Rəşid Hacıbəyli Media Hüququ İnstitutunun rəhbəri
20. Məlahət Zeynallı “Xural” qəzetinin əməkdaşı

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button