
Hikmət Hacıyev: “Ölkələrimizə qarşı beynəlxalq miqyasda dezinformasiya kampaniyaları aparılır”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxış edib və deyib ki, “Dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir”:
“Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası bizim tarixdən gələn dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan bir təşkilatdır. Onu da deyim ki, Türk Şurasının Baş katibi Bağdad Əmriyevin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitimizdə də çox önəmli qərarların qəbul edilməsi gözlənilir. Cənab Prezidentlərimizin imzası ilə bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olacaq”, – Prezidentin köməkçisi vurğulayıb.
Daha sonra Hikmət Hacıyev başqa bir önəmli məsələyə toxunub: “Ölkələrimizə qarşı beynəlxalq miqyasda dezinformasiya kampaniyaları aparılır”
“Türk dünyasına, ölkələrimizə qarşı da beynəlxalq miqyasda dezinformasiya kampaniyaları aparılır. Azərbaycan müstəqilliyinin ilk günündən belə kampaniyaların ön sırasında olub”:
“Bu gün də çox təəssüf ki, ölkəmizə qarşı bu cür kampaniyalar aparılır. Buna qarşı mübarizənin ən vacib və önəmli rolu həqiqətin düzgün formada çatdırılmasıdır. Həqiqətin çatdırılması üçün də birgə işləməyimiz və bir-birimizə qarşılıqlı şəkildə dəstək verməyimiz çox vacibdir”, – o bildirib.



