HACI TAHİR GÖRMƏ QABİLİYYƏTİNİ İTİRİB

"Məni məhv edən soyuq deyil, puç olan ümidlərim oldu..."

İmamzadə ziyarətgah kompleksinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi Hacı Tahir Abbasov bu gün həyatının ən ağır sınaqlarından biri ilə üz-üzədir. Ömrünü dinə, dövlətə, xalqa xidmətə və Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına həsr edən Hacı Tahir Abbasov uzun illərdir ki, insanların mənəvi dayağı, xeyirxah əməllərin təşviqatçısı kimi fəaliyyət göstərir.

Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının hər zaman yanında olan Hacı Tahir Abbasov şəhidlərimizin əziz xatirəsinə xüsusi ehtiramla yanaşıb. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Vətən uğrunda canından keçmiş igidlərimizin qəhrəmanlığından danışarkən göz yaşlarını saxlaya bilməz, xalqın ağrısını öz ağrısı kimi yaşayardı. İllərlə insanların problemlərini dinləmək, onların dərdinə şərik olmaq və yaşanan mənəvi sarsıntılar zamanla onun sağlamlığında da ciddi problemlər yaradıb.

Bu gün isə onu ən çox narahat edən problem görmə qabiliyyətini demək olar ki, tamamilə itirməsidir. Yaxınlarının bildirdiyinə görə, əməliyyatdan əvvəl zəif də olsa görmə imkanı mövcud idi. Sağlamlığını bərpa etmək ümidi ilə həkimlərin tövsiyə etdiyi əməliyyata razılıq verən Hacı Tahir Abbasov gözlənilməz nəticə ilə qarşılaşıb. Əməliyyatdan sonra görmə qabiliyyəti daha da zəifləyib və hazırda yenidən əməliyyata ehtiyac yaranıb.

Onun yaşadığı bu ağır vəziyyət qədim bir rəvayəti xatırladır.

Rəvayətə görə, qışın sərt günlərində bir padşah sarayın qapısında keşik çəkən əsgərin nazik geyindiyini görür. Əsgər bildirir ki, isti paltarı yoxdur. Padşah ona isti geyim göndərilməsi barədə göstəriş verir. Bu xəbər əsgərdə böyük sevinc və ümid yaradır. O, verilən vədə inanır və kömək gözləməyə başlayır.

Lakin günlər keçir, həftələr ötür, vəd edilən isti paltar gəlib çıxmır. Şiddətli soyuq isə öz təsirini göstərir. Əsgər xəstələnir və bir müddət sonra həyatını itirir.

Əsgərin ölümündən sonra cibindən bir məktub tapılır. Məktubda belə yazılmışdı:

“Mən illərlə bu sərt soyuqda xidmət etmişəm və sağ qalmışam. Məni öldürən soyuq olmadı. Padşahın mənə isti paltar göndərəcəyi xəbəri qəlbimdə ümid yaratdı. Mən o ümidlə yaşadım və gözlədim. Lakin vəd yerinə yetirilmədi. Sonda məni məhv edən soyuq deyil, puç olan ümidlərim oldu.”

Bu rəvayət insan həyatında ümidin nə qədər böyük qüvvə olduğunu göstərir. İnsan ən ağır çətinliklərə tab gətirə bilir, lakin doğrulmayan ümidlərin yaratdığı mənəvi sarsıntını qəbul etmək bəzən daha çətin olur.

Hacı Tahir Abbasovun yaşadığı taleyin ağrılı tərəfi də məhz budur. Sağlamlığına qovuşmaq ümidi ilə atdığı addımın nəticəsində görmə qabiliyyətini itirməsi onun həyatında dərin izlər buraxıb. Buna baxmayaraq, o və ailə üzvləri ümidsizliyə qapılmırlar. Onlar yenidən işığa qovuşmaq, görmə qabiliyyətinin bərpasına nail olmaq və normal həyata dönmək arzusu ilə yaşayırlar.

Bu gün İmamzadə ziyarətgah kompleksinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi Hacı Tahir Abbasovun ən böyük ehtiyacı diqqət, mənəvi dəstək və müalicəsinin davam etdirilməsi üçün lazımi köməyin göstərilməsidir. Xalqına, dövlətinə və dininə xidmət etmiş bir insanın taleyinə biganə qalmaq olmaz.

Çünki belə insanların həyat yolu fədakarlığın, vətən sevgisinin və milli-mənəvi dəyərlərə sədaqətin nümunəsidir. Onların yanında olmaq isə hər birimizin mənəvi borcudur.

Müəllif:     Ceyhun Əliyev

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button