
'Həmas' 100 israillini girov götürdüyünü deyir
“Həmas” silahlı qruplaşması İsrailə hücumlar zamanı 100 israillini girov götürdüyünü bildirir. “İslam cihadı” qruplaşması isə 30 nəfəri əsir götürüb.
“Həmas”ın girovları arasında yüksək rütbəli hərbçilər var. Bu haqda terrorçu təşkilatın təmsilçisi Musa Əbu Marzuk açıqlama verib.
“İslam cihadı” Fələstin qruplaşmasının başçısı Ziyad əl-Nahala isə döyüşçülərinin 30-a yaxın israillini əsir götürdüyünü açıqlayıb. Onun sözlərinə görə, girovlar evlərinə yalnız fələstinli məhbuslar İsrail həbsxanalarından buraxılandan sonra qayıda biləcəklər.
İsrail hakimiyyəti “Həmas” döyüşçülərinin saxladığı girovların dəqiq sayını açıqlamır. Bundan öncə İsrailin ABŞ-dakı səfirliyi azı 100 nəfərin oğurlandığını bildirib.
Media saxlananlar arasında digər ölkələrin, o cümlədən ABŞ, Almaniya və Tailand vətəndaşlarının da ola biləcəyini yazır.
İsraildə “Həmas”ın girov götürdüyü şəxslərin ailələri mətbuat konfransı keçirib. Onlar cavab tələb etdiklərini deyiblər: “Övladlarımızı qaytarmaq istəyirik. Hər şey 48 saat öncə başlayıb. Bəzi ailələri, hələlik, heç nə bilmirlər”, – mətbuat konfransı iştirakçıları deyiblər.
İsrailə hücum edən fələstinlilər qarşılarına çıxanları tutaraq Qəzza zolağına aparıblar. Təkcə israillilər deyil, nepallılar, almaniyalılar, britaniyalılar, amerikalılar da əsir götürülüb.
Girov götürülənlərin çoxu oktyabrın 7-də Qəzza zolağı ilə sərhəddə keçirilən “Nature Party” elektron musiqi festivalına gedənlərdir. Orada 260 nəfərin meyiti də aşkarlanıb.



