
Həbsxanada omba sümüyü sınan məhbus- jurnalist kömək istəyir
31 May 2025
0

Uzun illər jurnalist fəaliyyəti ilə məşğul olmuş hazırda Ədliyyə Nazirliyinin İMM-nin köhnə “Tubzon” adlanan hissəsində yıxılaraq omba sümüyünü sındıran Teylor Fətişoğlu mətbuata müraciət edərək müalicəsi ilə bağlı narazı olduğunu bildirdi.
- Məhbus jurnalistin sözlərinə görə, bu hadisə 2024- cü ilin aprelin 2- də baş verib: “…Həmin tarixdə “Tubzon”da yıxıldım və omba sümüyüm sındı. Vəziyyətim kritik olduğundan məni gətirdilər “Sentral”a, bir ildən çoxdur ki, köməkçi vasitələr olmadan hərəkət edə bilmirəm. Hətta bir neçə dəfə məni gətirdilər Sabunçudakı 3 saylı Xəstəxanaya, “MRT”dən keçirdilər. Tibb Universitetinin Tədris-Cərrahiyyə Mərkəzinin həkimi, professor Aslan müəllim “Biopsi” etdi, sonra “Yeni Həyat” Klinikasından Türkel həkim də yoxladı, daha sonra Travmatologiya- nın baş həkimi Nizami Məmmədov da rəy verdilər ki, təcili əməliyyat olunmalıdır. Mənim müraciətim Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Cəmil Kamilliyə, Travmatologiyanın baş həkimi Nizami Məmmədova, səhiyyə naziri cənab Teymur Musayevə və Fərid Əhmədovadır. Mən bir ildən çoxdur şikəst vəziyyətdəyəm və məni əməliyyata göndərmirlər. Xahiş edirəm, müraciət etdiyim hörmətli şəxslər bu problemi həll etsinlər, mən əlil və şikəst vəziyyətdə məhbus həyatı yaşayıram…”.
Müvafiq qurumların məhbus Teylor Fətişoğlunun məsələsilə məşğul olacaqlarına və onun əməliyyat olunmasına qərar veriləcəyinə inanmaq istərdik. Onsuz da digər məhbuslar kimi o da törətdiyi əməlinə görə cəzasını çəkir, amma səhhətində yaranmış ciddi problemlə ona ikinci bir cəza verilməsi də ədalətsizlikdir.
A.Məmmədli
31 May 2025
0



