
Gürcüstan iqtidarları və biz
Zəlimxan Məmmədli
“Borçalı” Cəmiyyətinin sədri
SSRİ dönəmində bütün problemlər konservləşdirilmişdi. Qardaşlıq və beynəlmiləlçilik siyasi iqtidarları və çürük ideologiyanın piarlığı üçün istifadə edilirdi.
Müstəqillik yolunda ilk qurbanları 1988, 1989, 1990-cə illərdə 9 aprel, 5 dekabr, 20 yanvar tarixləri ilə həm Gürcüstan, həm də Azərbaycan verdi. Dərd bizi daha sıx birləşdirirdi…
Müstəqilliyi elan etdik. Və Qamsaxurdiya və Şevardnadze dönəmi toponimlərin gürcüləşdirilməsi, etnik və dini mənsubiyyətə görə təqiblər, torpaq islahatları adı altında torpaqların soydaşlarımızın əlindən alınması, müsəlman kəndlərinin girəcək və çıxacağına xaçları asılması və minlərlə soydaşımızın başqa yerlərə köç etmələri ilə yadda qaldı.
Demokratiya üstün dəyər olaraq xalq hərəkatlarının və milli-demokrat siyasi qurumların əsas hədəfi oldu. Demokratiya bizi birləşdirdi.
Mixail Saakaşvili dönəmi demokratiya və soydaşlarımız da daxil Gürcüstan tərkibində azlıqların daha üstün qatda hüquqlarının təmini ilə yadda qaldı. Təhsildə 1+4 inqilabi yeniliyi, qanunun aliliyi, etnik kimliyi aşağılamağa yönəlik zərərli vərdişlərin qanunla yasaqlanması (bizə “tatrebi” qadağası), Gürcü dilinin öyrədilməsi istiqamətində əməli addımlar, mədəniyyətlərin inkişafı və təbliğinə dəstək (məşhur Elat bayramına yaşıl işıq yandırılması), rüşvət, korrupsiya hallarının tam aradan qaldırılması, sərhəddə ədəb-ərkanın yaradılması və s. pozitiv dəyişikliklər baş verdi. Söz versə də toponimləri bərpa etmədi (bunun üçün açıq tekstlə bizdən zaman istədilər), Qaraçöp, Qardabani kimi yerlərdə torpaqların soydaşlarımızın əlindən alınması kimi naqisliklər də oldu…
Bdzina İvanişvili… Kapitalın, özü də hələ də müəmmalı siyasi yükü ağır olan kapitalın gücü ilə hakimiyyətə gəldi.
Soydaşlarımızdan nazir, qubernator və s. təyin edəcəyini dedi, etmədi. Saakaşvilinin soydaş milli kadrlarını mənimsəyərək, onların yerlərini dəyişməkdən uzağa getmədi.
Toponimləri dəyişdirib, ədaləti bərpa edəcəm sözünü verdi, amma əməl etmədi.
Torpaqları soydaşlarımıza qaytaracağına söz verdi, əməl etmədi.
Mədəniyyətin inkişafını əngəlləməyə girişdi. Xalqlarımız və dövlətlərimiz arasında dostluq əlaqələrinin güclənməsində mühüm layihə olan Elat bayramını əlimizdən almaq, yasaqlamaq üçün bütün normaları və beynəlxalq hüququ pozdu. 2016-cı ildən utanmadan, demonstrativ formada Elat bayramının keçirildiyi tarixdə, saatda, həmin səhnədə tədbirin adını dəyişdirərək Dmanisoba adlı gürcü bayramı keçirməyə başladılar. Bu, soydaşıma, millətimə, Azərbaycana və Türk dünyasına həqarətdən başqa bir şey deyildir. Borçalı Cəmiyyətinin mütərəqqi fəaliyyətini əngəlləmək üçün bütün qanunsuzluqlara getdi. 2014-cü ildən başlayaraq əvvəl sədr müavini Salman Murğuzlu, daha sonra isə sədr olaraq mənim Gürcüstana girişimə qadağa qoydular. Borçalı Cəmiyyətinin gözdən salınması üçün gürcü mediasında əleyhimizə yalan və şantajlara bilavasitə İvanişvili özü rəhbərlik etməsi haqda məlumatlarımız var. Öz qanunsuzluqlarına saxta hüquqi zəmini soydaş məmur, kənd nümayəndəsi, bəzi siyasi dəllalları alət kimi istifadə edərək soydaşlarımızın milli ləyaqətinə həqarət nümayiş etdirdilər. İstər Bakıda, istərsə də Gürcüstanda öz agentura şəbəkəsini səfərbər edərək Cəmiyyətin süni şəkildə bölünmüş obrazını yaratmaq üçün demokratik dəyərlərə zidd addımlar atmaqdan çəkinmədilər. Onların bu cəsarətinə Azərbaycanın siyasi və hüquq sisteminin naqisliyi ciddi dəstək verdi.
Soydaşlarımızın azad, ədalətli seçkilər vasitəsi ilə parlamentə və digər vəzifələrə gedən yollarını saxtakarlıqla aldılar. Tabeçiliklərində olan soydaş məmurlarımızı məhz milli layihələrin baş tutmaması işinə səfərbər ediblər.
Gürcüstandakı milli məktəblrin gürcüləşdirilməsi, soydaşlarımız arasında nifaq toxumu səpmək istiqamətində ən çirkin metodlara əl atmaqdadırlar.
Bizimlə əlaqədə olan sağlam gürcü ziyalılarına təzyiqlər etməkdədirlər.
Bu, acı reallıqdır. Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın, Gürcüstanın ərazi bütövlüyünün birmənalı dəstəkləyiciləriyik. Gürcüstanı bölmək istəyən separatçıları lənətləyirik və onları Gürcüstanın düşmənləri siyahısında görürük. Belə olan halda utanmadan İvanişvili və onun əlaltıları indi də şərəfsizcəsinə mənim separatçı obrazımı yaratmağa girişiblər. Olmaz, durdurulmalıdır.
Biz Gürcüstan türkləri, bütün Borçalı türkləri bizə qarşı oynanan bu çirkin oyunu durdurmalı, ədalətin bərpası, bizə – soydaşlarımıza, Borçalı Cəmiyyətinə, milli mədəniyyətimizə qarşı bu ikili standartın dəyişməsinə, ədalətin bərpa olunmasına səfərbər olunmalıyıq.
İvanişvili iqtidarı anlamalıdır ki, bizimlə bu cür davranmaq olmaz. Bizim də söz demək, hüququmuzu, haqqımızı əldə etmək ixtiyarımız vardır. Bizim ədəb-ərkana dayanaraq dözümümüzü, səbrimizi imtahana çəkməməlidirlər.
Bu müdrik aforizmi xatırladıram: – “Bütün xalqların bircə yolu var – bir-birini anlamaq, dilinə, dininə, mədəniyyətinə, təhsilinə, ən başlıcası ilə ləyaqətinə hörmət etmək!”
Xural.com



