Gülər Əhmədovanın aldığı 1 milyon haradadır?

615412.12.2013

İstintaq, məhkəmə sabiq deputatın dələduzluğunu sübut edib, amma ortadakı pulun taleyinə aydınlıq gətirməyib 

Əyyub Kərimov: «Belə çıxır ki, Gülər həbsdən çıxandan sonra 1 milyonu özü üçün xərcləyə bilər»

1 miyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunaraq həbs edilmiş sabiq millət vəkili Gülər Əhmədovaya məhkəmədə 3 il azadlıqdan məhrumetmə cəzası verilməsi ictimaiyyətədə geniş müzakirələrə səbəb oldu. Böyük əksəriyyət bu cəzanı həddindən artıq yüngül hesab edirlər. Hətta eyni madd ilə məhkum edilmiş və hazırda cəzaçəkmə müssisələrində saxlanılan şəxslərin də buna etirazlarının olması barədə məlumat vermişdik. Onlar müraciətlərində bildirirlər ki, bir çoxları dəymiş ziyanı ödədikləri halda, bu, yüngülləşdirici hal kimi nəzərə alınmayıb. Gülər Əhmədovanın bir milyon dollar məbləği dələduzluq yolu ilə ələ keçirdiyi istintaq və məhkəmə tərəfindən sübut olunmuş hesab edilsə də, pulu ödəmədiyi halda, bu ona ağırlaşdırıcı hal kimi qiymətləndirilmədi. Əksinə, ona hökm çıxarılarkən Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla CM-nin 2 maddəsi ilə (178.3.2 və 307) cəmi 3 il azadlıqdan məhrum edildi. Bəs görəsən, dəymiş maddi ziyan ödənilmədiyi halda CM-nin 62-ci maddəsini tətbiq etmək mümkündürmü? Elə bu sualla tanınmış hüquqşünas Əyyub Kərimova müraciət etdik.

– Mən hökmlə tanış deyiləm, ancaq mətbuatdan oxuduğum qədəriylə Gülər Əhmədovanın təqsirləndirildiyi cinayət işində zərərçəkmiş yoxdur. İlk olaraq istintaq müəyyən etməlidir ki, zərər kimə dəyib və o, zərərçəkmiş qismində tanınır. Bu işdə istintaq belə hesab edir ki, Elşad Abdullayevin Gülər Əhmədovaya verdiyi pul rüşvət predmeti olduğu üçün o, zərərçəkmiş kimi tanına bilməz. Ona görə də, həmin iş üzrə faktiki olaraq zərərçəkmiş yoxdur, ancaq istintaq Gülər Əhmədovanın əməllərinə dələduzluq kimi yanaşır. Mən ittiham aktı və hökmlə tanış deyiləm. Ona görə də orada nəyi necə hesab ediblər, necə qiymətləndiriblər və pulun taleyi ilə bağlı nə qərar qəbul ediblər, bu tamamilə qaranlıqdır. Amma nə istintaqda, nə də məhkəmədə açılmayıb ki, pul kimdədir? Maraqlıdır ki, Elşad Abdullayev də son müsahibələrində deyir ki, pul Gülərdə deyil. Gülər Əhmədova da deyir ki, Qurana əl basaram ki, mən ümumiyyətlə heç kimdən pul almamışam. İstintaq orqanı isə Gülər Əhmədovaya dələduzluq ittihamı verir, bir tərəfdən də Elşadı zərərçəkmiş kimi tanımır. Amma araşdırmır ki, bəs pul necə oldu? Bu bilirsiniz nəyə bənzəyir? Narkotiklə bağlı işlərdə adətən yazırlar ki, “istintaqa məlum olmayan mənbədən əldə edilmiş narkotik”, bu, istintaqa məlum deyilsə, bəs kimə məlumdur? Burada da həmin şeyidir.

guler– Gülər Əhmədova məhkəmədə bildirdi ki, həmin pulu almayıb, amma psixoloji basqı altında yazıb ki, o pulu qaytararam…

– Gülər kimi adam deyir ki, mənə psixoloji basqılar oldu… Bu barədə mətbuatdan oxudum, Gülər Əhmədova Bakı Şəhər Prokurorluunda ifadəsində deyib ki, «mən bezdiyim üçün pulu qaytarmağa hazıram». Amma sual edən olmadı ki, sən o pulu almamısansa, hardan qaytaracaqdın? 1 manat, 5 manat, 100 manat deyil. 1 milyon dollardan söhbət gedir. Gülər Əhmədova deputat idi, bizneslə məğul deyildi və ümumiyyətlə millət vəkilinə qanunvericilikdə bizneslə məşğul olması qəti qadağandır. Bildiyim qədəriylə onun ciddi bineslə məşğul olan qohum-əqrəbası da olmayıb, Abramoviç əmisi oğlu deyil, Ağalarov xalasıoğlu deyil, İsgəndər Xəlilov bibisi oğlu deyil ki, deyək onlardan alıb qaytaracaqdı. Bütün bunlar onu göstərir ki, ortada qaranlıq məqamlar çoxdur. Hesab edirəm ki, Gülər də axıradək danışmır, istintaq da axıradək açıq nəticə demir, Elşad Abdullayev də “daha kəskin videolar yayacam” kimi çıxışlar etməklə əsl mahiyyətin üzərindən keçir. Ona görə də hələ də çox şey qaranlıq qalır ki, niyə Gülər Əhmədova o cür fikir səsləndirmişdi. Axı nə qədər psixoloji təzyiq olsa da, Gülər Əhmədovanı aldatmaq o qədər də asan deyil. Ola bilərdi, istintaq tərəfindən, elə bir şantaj paketi ortaya qoyulsun ki, bundan qaçmaq üçün Gülər nəyləsə razılaşsın. Əks halda, 3 dəfə millət vəkili olmuş şəxsə psixoloji təzyiqlə olmayan şeyi yazdırmaq olar ki?
– Gülər Əhmədova video yayılandan dərhal sonra mandatından imtina etdi ki, istintaqa köməklik edəcəyəm…

– Mandatından imtina etməsəydi nə olacaqdı ki? İmkan verərdi istintaq çıxaydı təqdimatla Milli Məclisə, müzakirə olunaydı, o zaman deputatlar biləcəkdilər ki, Gülər Əhmədova nə edib ki, onu mandatdan məhrum etmək lazımdır. Çünki prokurorluq əsaslandırmalıydı ki, Gülərin hansı əməlində cinayət tərkibi var, deputatlar da səs verməliydilər. Digər tətəfdən, orada deputatların mövqeyini görəcəkdi ki, müzakirə edirlərmi, nə reaksiya verirlər, səsverməyə qoyulurmu, yoxsa elə dərhal təsdiqlənir. Hesab edirəm ki, Gülər Əhmədova çox böyük taktiki səhvə yol verib. Sən özünü təqsirkar bilmirsənsə, niyə istintaqa kömək edirsən ki? İstintaq sənə “dələduz” damğası vuracq, sən də ona kömək edəcəksən? Elə də minnət qoyur ki, guya o mandatı verməsəydi, dünya dağılacaqdı. Prokurorluğa lazım olanda onsuz da o mandatı ləğv etmək üçün təqdimat verəcəkdi Milli Məclisə. Yəni lazım olanda verməsəydi, zorla alacaqdılar o mandatı. Amma bunun üçün Milli Məclisə əsas tədim etməliydi və o da tarixdə qalacaqdı.

– Elşad Abdullayevin şikayəti ilə həbs edilmiş iş adamı Arzu Kazımova da CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 il iş verildi…

– Gülər Əhmədovanın işi ilə Arzu Kazımovun işini uyğunlaşdırsaq görərik ki, Arzunun işində prokurorluğun güzəştinin səbəbi var. Çünki prokuror çıxışında Arzu Kazımovun dəymiş ziyanı ödədiyini əsas gətirərək, ona aşağı cəza istəmişdi. Düzdür, o işdə də zərərçəkmiş yox idi və Elşad Abdullayevi istintaq zərərçəkmiş kimi tanımamışdı. Amma Gülər Əhmədovanın işində dəymiş ziyanın ödənilməsindən, ümumiyyətlə pulun taleyindən söhbət getmir. Dələduzluq cinayətində əsas məsələ dəymiş ziyandır. Burada söhbət 1 milyon dolların ələ keçirilməsindən gedirsə və istintaq da bunu sübuta yetirlmiş hesab edirsə, o zaman o pul zərərçəkmiş olmasa belə dövlətə ödənməliydi. Arzu Kazımovun ittihamında 1 milyon yarım var idi. O da dedi ki, əgər hesab edirsinizsə ki, mən o pulu dələduzluq məqsədilə almışam, ortada müqavilələr var və o pulu qaytardığımı Elşad Abdullayev də təsdiq edir. Amma Gülər Əhmədovanın işində ziyan ödənilməyibsə, niyə onun işi Arzu Kazımovun işi ilə eyniləşdirilir? Başqa sözlə, pulu ödəyən Arzu Kazımova da 3 il iş verilir, pulu ödəməyən Gülər Əhmədovaya da?
– Məhkəmə hökmündə göstərilirdi ki, Gülər Əhmədovanın əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi…

– Elə ən böyük ağırlaşdırıc hal pulun qaytarımamasıdır da. Belə olan halda ona necə cəzadan daha az cəza istəyə bilərdi prokuror? Əslində, ona ən ağır cəza istənməliydi. Amma görün ortaya nə çıxır. Gülər deyir mən pul almamışam. Eışad deyir ki, Gülər pulu alıb, amma indi onda deyil, istintaq da sübuta yetirilmiş hesab edir ki, pulu Gülər alıb. Amma pulun ödənilməsini tələb etməməklə dolayısıyla deyir ki, Gülər pulu özündə saxlamayıb. Əslində, bütün hallarda – zərərçəkmiş olsa da, olmasa da, Gülər o pulu məhkəmənin depozit hesabına qoymalıydı və vəsaitin gələcək taleyi və təyinatı üzrə məhkəmə qərar qəbul etməliydi. Yəni rüşvət kimi verilmiş pul olduğu üçün Elşada çata bilməzsə, məhkəmə yönəldə bilərdi uşaq bağçasına, qocalar evinə və s. Məhkəmə də hökmdə yazmalıydı ki, dəymiş ziyan tamamilə ödənildi və bunu yüngülləşdirici hal kimi nəzərə ala bilərdi. Amma bir qəpik də pul ödənməyibsə, Gülər Əhmədovaya qarşı bu boyda güzəştin səbəbi nədir?

– Bəs eyni maddə ilə qaldırılan cinayət işlərində təcrübə necə olur?
– Mən zərərçəkmişin nümayəndəsi kimi onlarla bu cür işlərə çıxmışam. Zərərçəkmişə dəymiş ziyan ödənilməsə, məhkəmə heç bir halda güzəştə gedə bilmir. Amma pul ödənəndən sonra cəzanın sınaq müddəti ilə verilməsi, hətta cinayət işinə xitam verilməsi halları da olur. Ümumiyyətlə bu maddə ilə hökm çıxarılan şəxsə aşağı cəza verilməsinin birinci əsası ziyanın ödənilməsidir. Gəlin Ağır Cinayətlər Məhkəməsində 10 dənə eyni motivli oxşar işləri görtürək baxaq. Bir dənə elə iş göstərsinlər ki, orada 178.3.2 maddəsi ilə təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmədiyi halda, kiməsə 3 il iş verilib. Olmayıb. Heç 4 il, 5 il 6 il də verilməyib. Yəni ümumiyyətlə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməyib. Axı hamı qanun qarşısında bərabərdir. Deməli, Gülər Əhmədova pulu ödəmədən yüngül cəza aldı, bir az sonra Apellyasiya məhkəməsində hökm qüvvəyə minəcək, ardınca da əfvə düşəcək. Bəs bir milyon nə oldu? Belə çıxdı ki, lap tutuaq ki, 3 il cəzanın hamısını çəkdi və istintaqın iddia etdiyi kimi desək, dələduzluq yolu ilə ələ keçirdiyi 1 milyonu da özü üçün xərcləyəcək? Onda elə hamı-hamını 1 milyon aldadar ki, 3 il yatıb çıxaram da…

– Bu hökmlə bağlı prokurorluq protest verə bilərmi?

– Prokurorluq 4 il istəyib və məhkəmə 3 il verdiyinə görə prokurorluğun protest vermək hüququ var. Həmçinin, Gülər Əhmədova da Apellyasiya şikayəti verə bilər.

– Gülər Əhmədovanın vəkili hələ apellyasiya şikayəti verib-verməyəcəklərinə qərar vermədiklərini deyib.

– İstər prokurorluq, istərsə də Gülər Əhmədova tərəfindən verilən şikayətə əsasən Apellyasiya Məhkəməsi işə baxarkən, verilmiş cəzanı az hesab edərək, Gbülər Əhmədovaya daha ağır cəza da verə bilər.

– Məhkəmənin prokurorun istədiyi cəzadan daha ağır cəza vermək hüququ var?

– Bəli. Apellyasiya birinci instansiya məhkəməsinin hökmünü səhv hesab edə bilər. Məsələn, dəymiş ziyanı ödəmədiyinə görə, 7-8 ilə qədər artıra bilər. Amma Azərbaycan məhkəmələri belə bir addıma gedərmi, onu deyə bilmərəm.

Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button