Gülər Əhmədova məhkəmədə baş redaktorun üzərinə hücum etdi (Video)

“Azərbaycan” nəşriyyatının YAP-çı direktoru
Ağabəy Əsgərov

02.07.2012

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə nümayəndəsi Gülər Əhmədova: “Ramella xanım, Avropada əxlaq yoxdur…” dedi.

Proses 02.07.2012-ci il saat 11.00-a təyin olunsa da, prosesdə iştirak etmək üstəyən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının yaxınları içəri buraxılmayıb. Bir saata yaxın gərginlik yaşandıqdan sonra məlum olub ki, zala məhkəmə başlamazdan bir saat əvvəl prosesdə zərəçəkmiş qismində ifadə verməyə gələn “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovu müşayət edən onlarla şəxs daxil olub. Bu cür duruma qəti etirazını bildirən Əvəz Zeynallının israrlarından sonra hakim Ramella Allahverdiyeva məhkəmə zalının boşaldılmasını tələb edib. İştirakçılar məhkəməni tərk etdikdən bir müddət sonra yenidən zala daxil olublar. Bu dəfə də məlum olub ki, tək Ağabəy Əsgərovun rəhbərlik etdiyi “Azərbaycan” nəşriyyatının işçiləri və “Səs” qəzetinin əməkdaşları deyil, həm də baş redaktor haqqında şikayət ərizəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edən  hakim YAP-ın üzvü, deputat Gülər Əhmədovanın “Mərkəz” qəzetinin əməkdaşlarından ibarət onlarla “azarkeş”i zala daxil olub. Məhkəmənin ilk dəqiqələrindən onlar zalda gərginlik yaratmağa, prosesin gedişinə təzyiq etməyə çalışıblar.

“Zərərçəkmiş” qismində ifadə verən  “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov Ə.Zeynallını şəxsən tanımadığını, nəşriyyat haqda “Xural” qəzetində dərc olunan materiallardan sonra “şərəf və ləyaqətinin təhqir olunduğunu düşünərək” məhkəməyə müraciət etdiyini, məhkəmənin “Əvəz Zeynallıdan onun xeyrinə çıxardığı 1000 manat “şərəf və ləyaqətə” görə cərimənin, eləcə də təkzibin verilməsi tələbinin bu günədək yerinə yetirilmədiyini, ona görə də “mənəvi əzab çəkdiyi” üçün Əvəz Zeynallı həbs olunduqdan sonra KQMİ-nə çağrılaraq özünün “zərərçəkmiş” olması ilə bağlı ifadə verdiyini” söyləyib.

Ə.Zeynallı öz növbəsində bildirib ki, A.Əsgərovun “Azərbaycan” nəşriyyatına rəhbərlik etdiyi müddətdə nəşriyyata məxsus 21 ha ərazının 19 ha satıb. Bu gün də onun sayəsində nəşriyyatdan “tualet iyi” gəlir: “Biz yazmışıq nəşriyyatda qızıl sexi, çörək sexi açmısız. Bəlkə yalan yazmışıq. Biz yazmışıq ki, nəşriyyata məxsus torpaq sahələrindən şəxsi mənafeyiniz üçün istifadə edibsiniz, orada restoran tikmisiniz, “Kaspi” nəşriyyatı tikmisiniz. Hamısını da dövlətin puluna… Bu gün də nəşriyyatı alverxanaya döndərmisiniz.  Nə yaman mənəvi əzab çəkirmişsiniz? Siz dövlətin pulunu dədə malı kimi xərcləyəndə mənəvi əzab çəkməliydiniz, bütün bunlar haqda biz yazı yazanda yox!”

 Vəkil Elçin Sadıqovun, “Aranızda məhkəmə çəkişməsi 2008-ci ildə olduğu halda, həmin müddətdə “mənəvi əzab çəkdiyi”yinizi düşünməmisiniz, bu qədər fasilədən sonra məhz Ə.Zeynallı həbs olunduqdan sonra zərərçəkmiş olduğunuz yadınıza düşüb?” sualına A.Əsgərov, “mən fikirləşdim ki, əgər bu qəzet mənim şərəf və ləyaqətimə toxunan materiallar dərc edibsə, o zaman niyə mənə bu pulu ödəmir? Mən pulu alıb Yetimlər Evinə verəcəm”. E.Sadıqov Əvəz Zeynallının məhkəmə qərarı ilə kəsilən cərimənin 670 manatını ödəməsi və qəzetin qərar əsasında razılaşdırılmış təkzibi dərc etdiyini məhkəmənin diqqətinə çatdırıb. A.Əsgərovdan, “Siz o pul haqda niyə maraqlanmamısınız?” sualına “Ə.Zeynallı həmin pulu hissə-hissə ödəyirdi, mən gözləyirdim, 1000 manat olsun, sonra pulu götürüm”cavabını verib. Vəkil “Xural qəzetinin müsadirə olunmuş əmlakının hazırda hərraca çıxarıldığını və onların satışı baş tutduğu təqdirdə “zərərçəkmişlər”ə ödəniləcəyini deyib və A.Əsgərova üzünü tutaraq, “Bəs onda siz Ə.Zeynallı tərəfindən hansı əsasla “zərərçəkmiş olduğunuzu iddia edirsiniz?” sualını verib. E.Sadıqov məhkəməyə xitabən bildirdi ki, bütün bunlardan çıxan nəticə odur ki, Ə.Zeynallı haqqında qaldırılmış CM-nin 306.2 maddəsinin heç bir hüquqi əsası yoxdur.

YAP-çi deputat Gülər Əhmədova

Gülər Əhmədova: “Mən zənglə oturub-duran adam deyiləm…”

Daha sonra məhkəmə zalına şahid qismində ifadə vermək üçün çağırılan Gülər Əhmədova qəfəsdə olan Ə.Zeynallının üzərinə hücum çəkərək, onu vurmaq istəyib. Qarşısının nəzarətçilər tərəfindən alındığına tab gətirməyən deputat “bəsdir, bu qədər adamı burada təhqir etdin. Mən sənə yerini göstərdim, yaxşı da elədim” deyə baş redaktora növbəti dəfə hədə-qorxu gəlməyə başlayıb. Ə.Zeynallı isə öz növbəsində, “Sən insanları şərləyib, bura saldırırsan, mən yox. Mən sənin ağalarınla mübarizə aparıram, sən kimsən ki? Bu məhkəmədə hamı sənin iç üzünü görəcək və nəyə, kimə xidmət etdiyini biləcək. Sən onun-bunun zəngi ilə oturub-duran adamsan, bu da sənin yox, ağalarının qərarıdır və özünü də zərərçəkmiş kimi göstərmə…”deyib. G.Əhmədova israrla, “Mən zənglə oturub-duran adam deyiləm… Bundan sonra pul istəməyin nə olduğunu bilərsən” deyib. Məhkəmə nəzarətçilərinin təpkilərindən və ciddi müdaxiləsindən sonra G.Əhmədovanı çətinliklə sakitləşdirmək və qəfəsin yanından uzaqlaşdırmaq mümkün olub.

Ə.Zeynallı bu dəfəki məhkəmə prosesinə G.Əhmədovanın çağırılması haqda ona heç bir məlumatın verilmədiyini, o səbəbdən də müdafiəsi üçün lazım olan sənədlərin yanında olmadığını əsas gətirərək, məhkəmin təxirə salınmasını istədi. Dövlət ittihamçısı Ramazan Hadıyev və hakim R.Allaverdiyevanın etirazlarından sonra Ə.Zeynallı vəkildən və danışmaqdan imtina etdiyini dedi və vəkil E.Sadıqov hakimin hədə və təhdidlərinə əhəmiyyət vermədən məhkəmə zalını tərk etdi.

Qeyd edək ki, Ramazan Hadıyev məhkəmə iclaslarında “zərərçəkmişlərin” vəkili rolunda çıxış edir və hətta çox vaxt onları ifadələrində istiqamətləndirir. “Zərərçəkmiş”lərə danışmaq üçün hərtərəfli imkan yaradan R.Hadıyev dəfələrlə Ə.Zeynallının ünvanına şərəf və ləyaqətə toxunan ifadələr işlədir. Bu dəfəki iclasda da istər A.Əsgərov, istərsə də G.Əhmədova ifadə verərkən o Ə.Zeynallıya qarşı aqressiv yanaşaraq tərəf nümayiş etdirib. R.Hadıyev hətta o həddə çatıb ki, baş redaktora, “sən mənim qərarımı görəcəksən” deyə qışqırıb. Ə.Zeynallı, “Sən nə qərar veriləcəyini hardan bilirsən. Möhtərəm hakim, bu nə danışır, bu nə bilə-bilər ki, məhkəmə hansı qərarı verəcək!!!” deyəndən sonra hakim R.Allahverdiyeva prokurora işarə edərək, yerində oturmasını xahiş edib: “Mən heç özüm də hansı qərarı verəcəyimi bilmirəm. İndidən siz nə bilirsiniz ki, belə çıxışlar edirsiniz… Məsuliyyətli olun.”

Bu vaxt G.Əhmədovanın köməkçisi Əhməd Şahidov Ə.Zeynallının bir qədər aralıda əyləşən qardaşına gözlənilmədiyi halda arxadan şillə vurub. Çaşqınlıq içində nələrin baş verdiyindən xəbərsiz olan R.Zeynallı arxaya dönmək istərkən onun yan tərəfdən qarın nayihəsinə ağır təpik zərbəsi endirərək, məhkəmə nəzarətçilərinin arxasına qaçıb gizlənib. İclasda təxribatçılıq funksiyasını “ləyaqətlə” və “kişiyana” həyata keçirən Əhməd Şahidov hər 2 qolundan tutularaq nəzarətçilər tərəfindən məhkəmə zalından çölə atılıb və bir daha zala qayıtmasına qadağa qoyulub.

Bu arada G.Əhmədova üzünü Ə.Zeynallıya tutaraq onu nalayiq sözlərlə təhqir etməyə başladı. Hakim vəziyyətin qarışdığını görüb fasilə elan etdi. Fasilədən sonra G.Əhmədova verdiyi ifadədə Ə.Zeynallı ilə hər zaman yaxşı münasibətlərinin olduğunu və aralarında narazılığın “Mərkəz” qəzetinə təyin etditi baş redaktor N.Almanqızının ona məxsus külli miqdarda pulu mənimsəyərək, xaricə qaçdığını və bu haqda “Xural” qəzetinin anons dərc etdiyini dedi: “Mən dəfələrlə bu adama başa saldım ki, mənim haqqımda qəzetində nə yaxşı, nə də pis yazı vermə, yoxsa səsə pis olar. Razılaşdıq ki, mən ona 10 min manat verəcəm və o bu yazıları dayandıracaq. Mən bu vəzifədə sonadək qalmayacam ki, amma mən anayam. Qorxdum ki, mənim oğlanlarım bunu öldürsünlər, əlləri qana batsın. Oğlanlarımı ona görə oxutmuram ki, türmədə yatsınlar. Ona görə də ona nə lazımdırsa edəcəyimə söz verdim. Ramella xanım, Avropada bizim əxlaq yoxdur. Onlar belə şeyləri başa düşmürlər. Sonra fikirləşdim ki, mən niyə ona pul verməliyəm ey. Mən ona dəfələrlə xəbərdarlıq etmişəm. Haqqımda yazılar dərc etdiyi üçün mən də nə lazımdırsa edə biləcəyimi başa salmışam. O məni dinləmədi, mən də ona layiq olduğu yeri göstərdim.”

G.Əhmədovanın verdiyi ifadələri istehza içində dinləyən Ə.Zeynallı, “qəzetdə nə yazılmışdı ki, sənin oğlanların ona görə qatil ola bilərdilər? Sən heç özün nə danışdığının fərqində deyilsən. Danış və özünü dolaşdırmaqda davam et…” deyəndən sonra prosesdə iştirak edən G.Əhmədovanın qardaşı, ANS-in “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu ayağa qalxaraq qəfəsə tərəf hücuma keçib və da Ə.Zeynallıya üzünü tutaraq təhqiramiz və hədə-qorxu ifadələri işlədib.

Prosesdə baş verənlər protokollaşdırılıb.

Xatırladaq ki, Ə.Zeynallı G.Əhmədovanın şikayəti əsasında həbs olunsa da, deputat məhkəmədə şahid qismində ifadə verib. Bu, da baş redaktor haqda qaldırılmış CM 311.3.4 maddəsini tamamilə qüvvədən salır.

G.Əhmədova ifadələrində dəfələrlə Ə.Zeynallını təhdid və şantaj etdiyini, “mən onun səsini yazdım və dedim ki, mənim əlimdə sənin səsin var, mən bilirəm sənə nə eləyəcəm” deməklə baş redaktorun jurnalist fəaliyyətinə mane olduğunu və onu şantaj etdiyini etiraf edib.

Ə.Zeynallı G.Əhmədovaya sual verməkdən imtina edib və israrla onun növbəti məhkəmə prosesinə çağrılmasını istəyib. G.Əhmədova, “həyatımın 8 ayını sənə həsr etmişəm, hələ yenə bura gəlməliyəm? Mən gəlməyəcəm!” kimi bəyanatlarına Ə.Zeynallı “qanun qarşısında hamı eynidir, məhkəmə on dəfə çağırsa belə, on dəfə də gələcəksən” deyib. Bundan sonra vəkil Mənsum Bayramov Ə.Zeynallının səhhətinin pisləşdiyini əsas gətirərək, məhkəmənin təxirə salınması zərurətinin yarandığını qeyd edib.

Hakim məhkəmənin vaxtını iyulun 11 saat 11-dək təxirə salıb.

Məlumat üçün bildirək ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs müddəti 3 ay, aprelin 12-də isə daha 1 ay uzadılıb. Bu cinayət işləri özünü doğrultmadıqca Ədliyyə Nazirliyinin Ə.Zeynallının həbsindən az əvvəl onun haqqında qaldırdığı 306.2 maddəsi (Vəzifəli şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi qaldırılıb.

Hazırda heç bir səbəb olmadan Əvəz Zeynallı 9 aydır ki, həbsdə saxlanılır. Baş redaktor həbsinin motivini jurnalist fəaliyyəti ilə əlaqələndirir və siyasi sifariş olduğunu əsaslandırır.

Beynəlxalq Jurnalist və İnsan Hüquqlarının Müdafiə təşkilatları, o cümlədən 11 insan haqları və jurnalistlərin hüquqlarının madafiə təşkilatlarının cəmləşdiyi İPGA hakimiyyətə ünvanlanmış  bəyanatlarda Əvəz Zeynallını “vicdan məhbusu” adlandırır və onun dərhal və qeyd-şərtsiz həbsdən azad olunmasını bəyan edirlər.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.

XuralTAC

 

Əlaqəli məqalələr

1 şərh

  1. Azerbaycanin 1 nomreli shantajistinin, exlaqsiz teklifini qebul etmeyenlerin aqibeti ele bele olacaq))))))))))))))))))))))))))))) Ne qeyretli qardashdir bu Ilqar Mikayiloglu)))))))))))))))))))))) vaxtinda Yekaterina leqebi qazanan bacisini ipini yigsaydi, indi de bele ortamda ogrash adi qazanmazdi. gor bizim ozunu bize kimler patriot kimi siriyir ee…. Yolun achiq olsun Evez bey… Guleyen Ehmedovanin gozelleshdireme salonunda prezidentin ailesinden qiybet et meye vaxti chatir<, mehkeemeye gelmeye yoooxx)))))) ayda cemi cumletani 2 min manat mevacib alan millet vekilinin bu qeder var-dovleti harda ndir goresen? Nigar Almaqqizi kullu miqdarda pulunu ogurlayibsa niye onu mehkeemeye vermirdin???? kechmish dak-chi Ismayillla yaman hadiseler yashamishdin ha…. guleyen xanim…. ))))))))))))))))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button