
“Gülər Əhmədova barəsində cinayət işi açılmalıdır!…”
Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı vəsatətlə çıxış edib. O əleyhinə olan bütün sübutları əsassız adlandıraraq hər hansı cinayət törətmədiyini bildirib.
Ə.Zeynallı əməlinin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin əsasında aparılmalı olduğunu bildirib və bu maddələrə əsasən, ittihama baxılması üçün işin rayon məhkəmələrindən birinə göndərilməsini xahiş edib.Vəsatətlərdə Ə.Zeynallı məhkəmədən xahiş edib ki, 1. İstintaq materiallarında şahid qismində ifadə verən Akif Məmmədovun, Aydın Heydərovun və Sabir Tarverdiyevin şikayətləri əsassız hesab edilsin, adı çəkilən şəxslərə və onların yalançı şahidlərinə AR CM-nin 297-ci maddəsilə (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) cinayət təqibi başlasın. Eyni zamanda adı çəkilən şəxslərin arxasında dayanan və onları bu işə cəlb edən qurumlar cəzalandırılsın. 2. Gülər Əhmədovanın yalançı və saxta şahidləri, onların ifadələri əsassız hesab edilsin, bu yalançı və saxta şahidlər AR CM-nin 297-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilsin. 3. G.Əhmədovanın əsassız şikayəti üzrə Ə.Zeynallıya elan edilmiş maddə öz təyinatı üzrə AR CM-nin 147 və 148-ci maddələrə tövsiv olunsun və rayon məhkəməsinə göndərilsin. 4. Gülər Əhmədovaya AR CM-nin 163 (jurnalistlərin qanuni peşə fəaliyyətlərinə mane olma), 312 (rüşvətvermə (aktiv rüşvətxorluq), 312.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və 297 (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə, yanlış tərcümə etmə) maddələrilə cinayət təqibi başlansın və prokuror Baş prokurora deputatın toxunulmazlığını Milli Məclis qarşısında qaldırmaq üçün təqdimat versin. 5. Əsassız və lüzumsuz sübutlar, o cümlədən Azercell-dən qeyri-qanuni alınmış saxta mesajlar dərhal etibarsız hesab olunsun və istintaq materialından çıxarılsın.
Hakim vəsatətdə qaldırılmış məsələlərin məhkəmənin gedişində araşdırılacağını, hazırkı mərhələdə isə vəsatətin təmin olunmadığını bildirib.
Dövlət ittihamçısı Ramazan Hadıyev Əvəz Zeynallıya qarşı irəli sürülmüş ittiham hökmünü elan etdikdən sonra hakim prosesin 14 iyun saat 15.00-aqədər təxirə salındığını bildirib.
Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs 3 ay, aprelin 12-də isə 1 ay müddətinə uzadılıb.
XuralTAC




