
Google-u Belarusun müxalifət mediasını önə çıxarmağa çağırırlar
Avropa Komissiyası Google və digər böyük texnologiya şirkətlərini Belarusun müstəqil mediasının xəbərlərini rejimi dəstəkləyən media orqanlarından önə çıxarmağa çağırıb. Müxalif jurnalistlər isə axtarış alqoritmlərinin sonuncuları dəstəklədiyini deyirlər. Xəbəri “The Financial Times” yayıb.
Qəzetin yazdığına görə, mühacirətdə yaşayan belaruslu jurnalistlər komissiyaya şikayətləniblər ki, Aleksandr Lukaşenko rejimini tənqid edən kontent hədəf auditoriyaya çatmır, bunun bir səbəbi də Google, Meta və digərlərinin işlətdikləri alqoritmlərdir. Onların Lukaşenkonun media senzurası qaydalarını yanlış nəzərə aldığı iddia edilir.
Avropa Komissiyasının vitse-prezidenti Vera Yourova qəzetə deyib ki, dezinformasiya ilə mübarizə və media azadlığının təşviqi eyni medalın iki üzüdür və onlar böyük texnologiya şirkətlərinin bu işin ikisini də görməsini istəyirlər. O, sosial media platformalarını Belarusdan və onun müttəfiqi Rusiyadan gələn propaqandanı yaydığını görə tənqid edib.
Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin hərbi dəstəyinə arxalanır. O özü də Moskvanı 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayanda dəstəkləyib.
Google-dan qəzetə deyilib ki, axtarış həmişə daha yaxşı ola bilər, amma “hansı nəticələrin göstərilməsini yüzlərlə faktor müəyyənləşdirir”.
Meta-dan şərh verilməyib.
Lukaşenkoya qarşı çıxan jurnalistlər isə deyirlər ki, Google maneələri aradan qaldırmaqdan ötrü konkret addımlar ata bilər, məsələn, Belarus dili bu platformada istifadə olunan 40-dək dilin sırasına salına bilər.



