
Fransada seçki sürprizi: sol qüvvələr önə çıxır
İyulun 7-də Fransada parlament seçkilərinin ikinci turu keçirilib. Sol qüvvələr alyansı gözlənilmədən ifrat sağçılardan önə çıxıb. Bu isə Merin Lö Penin “Milli birlik” (RN) partiyasının hökuməti idarə etməyini önləyir.
Rəy sorğuları RN-in seçkini asanlıqla udacağını göstərirdi. Ancaq sol və mərkəzçi alyanslar əməkdaşlığa gedərək RN-ə qarşı cəbhə yarada biliblər.
İfrat solçu, sosialistlər və yaşıllardan ibarət solçu “Yeni xalq cəbhəsi” alyansının 577 yerdən 172-215-ni qazanacağı gözlənilir.
Prezident Emmanuel Makronun mərkəzçi alyansı isə 150-180 yerlə ikinci olacağı görünür.
RN 115-155 yer qazana bilər.
Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsi təqdim edəcəyini bildirib.



