
Ermənilərin silahlı qüvvə və vasitələrinə zərər vurulub
Azərbaycan MN sərhəddə vəziyyətlə bağlı brifinq keçirir
“Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib”.
Xural.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, son dövrlər Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəddinin Kəlbəcər və Laçın bölgələri sahəsində törətdiyi təxribatlar bu gün daha da intensivləşib və genişmiqyaslı xarakter alıb. Ermənistanın hərbi hissələri dövlət sərhəddinin bu istiqamətindəki yüksəklikləri ələ keçirməklə daha əlverişli mövqelərə yiyələnmək və hərbi üstünlüyə yiyələnmək məqsədilə noyabrın 16-ı saat 11 radələrində qəfil hərbi əməliyyatlara başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika, o cümlədən artileriya vasitələri cəmləşdirən Ermənistan hərbi bölmələri ordumuzun Kəlbəcər və Laçın rayonlarındakı mövqelərinə müxtəlif çaplı artileriya silahlardan, minaatanlardan, artileriya qurğuları və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza hücum edib. Nəticədə Azərbaycan ordusunun iki hərbi qulluqçusu yaralanıb. Onlara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatına heç bir təhlükə yoxdur. Ermənistan Silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın rayonları istiqamətində yerləşən bölmələrimiz tərəfindən dərhal təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində Ermənistana məxsus tankəleyhinə qurğu və minaatan məhv edilib. Bundan başqa erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Qarşı tərəfin təxribatlarını dəf etmək məqsədilə Azrbaycan ordusunun bölmələri adekvat tədbirlər görür. Genişmiqyaslı təxribatlar törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi hissələrinin hücumu əməliyyat-taktiki baxımdan tam iflasa uğrayıb və rəsmi Ermənistanın növbəti təxribat cəhdi uğursuzluqla başa çatıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.Vəziyyətlə bağlı Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq cəmiyyətə məlumat veriləcək”.



