
Ermənistan öz ərazi bütövlüyünü və Qarabağ ermənilərinin hüquqlarını müdafiə edəcək – Mirzoyan
Erməni nazir akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşüb
Ermənistan XİN rəhbəri vurğulayıb ki, Azərbaycanın hərəkətləri beynəlxalq ictimaiyyətin zəif və müdaxiləsiz reaksiyasının nəticəsidir.
Xural.com Sputnik Armeniyaya istinadən xəbər verir ki, bunu Xarici işlər naziri Ararat Mirzoyan bu barədə Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə bildirib:

“Ermənistan həm öz ərazi bütövlüyünü, həm də Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcək. Həmin andan vəziyyətin daha da gərginləşməsinə görə bütün məsuliyyət birbaşa Azərbaycanın üzərinə düşür. Azərbaycanın hərəkətləri beynəlxalq tərəfdaşlarımızın, bütövlükdə beynəlxalq ictimaiyyətin sentyabrın 27-də (Qarabağda 2020-ci il müharibəsinin başlandığı gün) Dağlıq Qarabağa qarşı gücdən istifadə və təcavüzə lazımi reaksiya verməməsinin nəticəsidir”, deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, artıq müharibədən sonrakı dövrdə birbaşa Ermənistan ərazisində baş vermiş təxribatlara düzgün və məqsədyönlü reaksiya olmayıb. Mirozyan səfirlərin diqqətini ona yönəldib ki, Bakı suveren Ermənistan ərazisindəki hərəkətləri ilə beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ problemindən yayındırmağa çalışır.
Erməni nazir vurğulayıb ki, BMT Nizamnaməsi, bütün ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribat törədən erməni mövqelərinə zərbələr endirib. Yerli döyüşlər artilleriya, zirehli texnika və atıcı silahlardan istifadə etməklə gedir. Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin bu istiqamətində saat 18:30-da qarşıdurma dayandırılıb.



