
Ermənistandan Azərbaycana girişdə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurulub
Aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun balanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda belə bir addımın atılmasına iki səbəb əsas gətirilir.
Vurğulanır ki, bu həm Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursatın daşınmasının qarşısını alınmağa, həm də aprelin 22-də Ermənistanın birtərəfli qaydada Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat cavabdır.
Sərhəd Xidməti bildirir ki, sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlı həm Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzi məlumatlandırılıb.
Xatırlatma
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



