
Ermənistan bir hərbçisinin həlak olduğunu bildirir
Ermənistan bir hərbçisinin həlak olduğunu, Azərbaycan isə bunda əli olmadığını deyir.
Ermənistan Müdafiə Nazirliyi martın 22-də hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə, Yerasx rayonu istiqamətində Azərbaycan tərəfinin açdığı atəşdən Arşak Sarqsyan adlı hərbçi həlak olub.
Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təkzib edib. Azərbaycan tərəfdən vurğulandığına görə, “Ermənistan Müdafiə Nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür”.
Son həftələr həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Martın 5-də Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ümumilikdə 5 nəfərin həlak olduğu açıqlanmışdı.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.



