
Ərdoğan deyir ki, Türkiyə NATO-nun İsraillə əməkdaşlıq səylərini dəstəkləmir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-də deyib ki, NATO-nun İsrail administrasiyası ilə tərəfdaşlığı davam etdirməsi mümkün deyil.
“Fələstində hərtərəfli, davamlı sülh bərqərar olmayanadək Türkiyə NATO daxilində İsraillə əməkdaşlıq səylərini dəstəkləməyəcək”, – Ərdoğan NATO sammitində mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlik diplomatik səylərini də davam etdirir.
Ərdoğan onu da deyib ki, xarici işlər naziri Hakan Fidana Suriya ilə əlaqələrin bərpasına başlamaqdan ötrü Suriya prezidenti Bəşər Əsədlə görüşməyi tapşırıb. Türkiyə prezidenti ötən bazar günü- iyulun 7-də demişdi ki, Ankara iki qonşunun əlaqələrinin bərpası üçün mümkün danışıqlardan ötrü Əsədə “istənilən vaxt” dəvətnamə göndərəcək.
Türkiyəyə F-16 satışına gəlincə, Ərdoğan deyib: “(ABŞ prezidenti Co) Bayden ilə danışdım. O dedi ki, bu problemi üç-dörd həftəyə həll edəcək”.
Martda ABŞ Senatı Türkiyəyə 23 milyard dollarlıq F-16 qırıcıları və modernləşdirmə dəstlərinin satışını dayandırmaq təklifini rədd edib. Türkiyə İsveçin NATO üzvlüyü qarşısından maneəni qaldırdıqdan sonra Bayden administrasiyası Türkiyəyə F-16-ların satışına icazə vermişdi.
Ərdoğan terrorçuluğa qarşı mübarizədə NATO müttəfiqlərindən həmrəylik gözlədiyini sözlərinə əlavə edib. O, müttəfiqlərdən bəzilərinin PKK terror təşkilatının Suriyadakı qanadı – PYD/YPG ilə münasibətini qəbul edə bilmədiklərini vurğulayıb.
Türkiyə YPG-ni PKK-ya bağlı terrorçu sayır. Onun Qərb müttəfiqləri PKK-nı terrorçu siyahısına salsalar da, YPG–ya qarşı bu addımı atmayıblar.
Ərdoğan onu da deyib ki, Türkiyənin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sadəcə müşahidəçi deyil, daimi üzv olmaqdır.
ŞƏT 2001-ci ildə Rusiya, Çin, Orta Asiya ölkələri tərəfindən Qərb alyanslarına qarşı təhlükəsizlik, siyasi və iqtisadi ittifaq kimi yaradılıb.



