Elmar Vəliyevin huşunu itirməsinə səbəb nə idi?

13.02.2013

Oğluna dəbdəbəli toy etməsi və sabiq polis rəsinin ötürdüyü dosye icra başçısını prezidentin qəzəbinə gətirdi

Gəncənin icra başçısı Elmar Vəliyev dünən prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra xəstəxanaya qaldırılıb.

Mia.az saytının yaydığı məlumata görə, müşavirədən sonra zalı tərk edən zaman Elmar Vəliyev qəfildən müvazinətini itirərək yıxılıb: «Dərhal yaxınlıqdakı həmkarları onu qaldırmağa çalışıblar. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq, təcili yardıma zəng vurulub. Həkimlərin yerində müdaxiləsi nəticə vermədiyindən Elmar Vəliyev təcili yardımla xəstəxanaya qaldırıldı».
Elmar Vəliyevin hansı xəstəxanaya və nədən qaldırıldığını dəqiqləşdirə bilməsək də, onun Prezident Administrasiyasının tabeliyində olan Mərkəzi Kliniki Xəstəxanaya aparıldığı ilə yanaşı, prezidentin sərt xəbərdarlığından təsirləndiyi də istisna olunmur.

Etibarlı mənbədən «Bizimyolinfo.com»a daxil olan məlumata görə prezident tədbirdə Elmar Vəliyevi ayağa qaldıraraq sərt şəkildə tənqid edib, sahibkarların hüquqlarını tapdalamqda, ayrılan vəsaitləri düzgün istifadə etməməkdə suçlayıb. Dövlət başçısı Elmar Vəliyevə sonuncu dəfə xəbərdarlıq etdiyini, işində dönüş yaratmasa, vəzifəsindən azad olunacağını, barəsində tədbir görüləcəyini vurğulayıb.

Başqa bir mənbədən aldığımız məlumata görə Elmar Vəliyev bazar günü paytaxt restoranlarının birində oğluna dəbdəbəli toy mərasimi düzənləyib. Paytaxtın ən məşhur saraylarından birində baş tutan mərassimə ölkənin şou-biznes nümayəndələri, rəqs qrupları qatılıb, ən bahalı menyular sifariş olunub.

Xəbərdə Elmar Vəliyevi hədəfə çevirən səbəblərdən birinin dəbdəbəli toy mərasmi olduğu bildirilir. Xatırladaq ki, prezidentin rəsmi mətbuatda yayılan çıxışında da məmurların bahalı toy, yubiley mərasimləri təşkil etməsi sərt tənqid olunub.

Etibarlı qaynaq iki həftə əvvəl icra başçısı ilə konfliktə görə işdən çıxarılan Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayevin də E.Vəliyev haqqında Prezident Administrasiyasına dosye ötürdüyünü qeyd edib. Həmin sənədlərdə icra başçısının şəhərdə abadlıq işləri aparkən əhalinin kütləvi narazılığına səbəb olan hərəkətləri əks olunub.

Mənbənin məlumatına görə İlham Əliyevin sərt iradlarını dinləyərkən icra başçısı huşunu itirib, onu dərhal xəstəxanaya aparıblar.

Dünən əməkdaşımız Mərkəzi Klinik Xəstəxanasına baş çəkərək E.Vəliyevin səhhəti ilə maraqlanmaq istəyib. Amma qəbul şöbəsindən bildirdilər ki, xəstəxanaya Elmar Vəliyev adlı xəstə müraciət etməyib.
Qaynaq həmçinin bildirib ki, prezident bəzi nazirlər, icra başçıları haqqında da sərt ifadələr işlədib, onları bir-bir ayağa qaldıraraq danlayıb. Nazirlər Kabinetinin iclasından hazırlanan çəkiliş isə ciddi şəkildə montaj olunduqdan sonra efirə verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button