
Əliyev Ermənistan konstitusiyasının dəyişdirilməsinin sülhə faydasından danışıb
Prezident İlham Əliyev bu gün, fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən deyib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.
Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.
Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
Bu açıqlamaya, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğunu demişdi. O izah etmişdi ki, regionda yaranmış yeni geosiyasi mühitdə bu, olduqca mühüm məsələdir.
Ermənistan müxalifəti və bir sıra şərhçilər isə bunu belə yozmuşdular ki, “Paşinyan Türkiyə və Azərbaycanın saysız-hesabsız tələblərindən daha birini qəbul etmək üçün zəmin hazırlayır”.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Ancaq tərəflər sülh sazişi imzalamayıb.



