
Əfqanıstanın qərbində 6.3 bal gücündə yeni zəlzələ olub
Oktyabrın 11-də səhər Əfqanıstanın qərbində 6.3 bal gücündə yeni zəlzələ baş verib. Ötən həftəsonu zəlzələsində isə azı 2 min nəfər həlak olub.
ABŞ Geoloji Xidməti son zəlzələnin Herat vilayətinin eyniadlı paytaxtının 28 kilometrliyində qeydə alındığını bildirir.
Heratdakı xəstəxanadan mənbələr AzadlıqRadiosuna deyiblər ki, yeni zəlzələdə azı bir nəfər ölüb, 65 nəfər xəsarət alıb. Herat şəhərinin kənarında bir neçə evin dağıldığı bildirilir.
Talibanın başçılıq etdiyi İnformasiya Nazirliyinin sözçüsü Əbdül Vahid Rayan 80 nəfərin xəsarət aldığını, torpaq sürüşməsi nəticəsində Herat-Torqundi magistralının bağladığını açıqlayıb.
Heratın Rabat Sanqi rayonuna ambulanslar göndərilib. Öncəki zəlzələdə də ən çox ziyan bu rayonda qeydə alınmışdı.
AP xəbər agentliyinin məlumatına görə, yeni zəlzələ nəticəsində Çahak kəndində 700 ev dağılıb. Öncəki zəlzələdən bu kənd ziyan görməmişdi.
Oktyabrın 7-də baş vermiş ilk zəlzələnin episentri 700 min əhalisi olan Heratdan 40 km şimal-qərbə düşüb, bundan sonra azı üç böyük afterşok baş verib, ən böyüyünün gücü 6.3 bal olub.
Taliban rəsmiləri həftəsonu zəlzələlərində azı 2 min nəfərin öldüyünü desə də, yekun rəsmi rəqəm açıqlanmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı azı 11 min nəfərin zəlzələnin təsirinə məruz qaldığını açıqlayıb.



