
DSX: Azərbaycan hərbçisi yaralanıb
Azərbaycan Ermənistanın Laçın sərhəd-keçid məntəqəsini atəşə tutduğunu bildirir. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumata görə, iyunun 15-i, saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində buraxılış məntəqəsində xidmət aparan DSX hərbi qulluqçusu yaralanıb.
Rəsmi açıqlamada qarşı tərəfə cavab verildiyi vurğulanır.
Hələlik, Azərbaycan DSX-nin bu açıqlamasına Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.
Azərbaycan Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini bu ilin aprelində quraşdırıb. Ermənistan tərəfi isə bu addımı 2020-ci il üçtərəfli razılaşmaya (Azərbaycan, Ermənistan və Rusiya arasında) zidd sayıb.
Son günlər həm Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.



