Dövlətə 200 min borcu olan iş adamı məhkəməyə verildi

Tanınmış iş adamı İsaməddin Dəmirov məhkəməyə verilib. DAD brendinin sahibi Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit Və İnkişaf Agentliyinə (AKİA) olan borcunu ödəmir.

Belə ki, vaxtilə “Aqroservis” ASC adlanan qurum 2012-ci ildə İ.Dəmirovla bağladığı müqavilə əsasında ona güzəştli lizinq şərtləri ilə suvarma sistemləri verib. Lakin cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyib. Məlumata görə, İ.Dəmirovun AKİA-ya 200 min manatdan borcu qalıb.

Agentliyin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılır. Hazırda məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, İ.Dəmirov bir müddət öncə İqtisadiyyat nazirinin sabiq müavini, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun sabiq direktoru Şirzad Abdullayev tərəfindən himayə edildiyi iddiaları ilə gündəmə gəlmişdi. Həmin məlumatlarda, Ş.Abdullayevin büdcə vəsaitləri hesabına özünə yaxın şirkətlərə böyük məbləğdə güzəştli kreditlər verdiyi bildirilirdi. Belə şirkətlərin sırasında İsaməddin Dəmirovun rəhbərlik etdiyi MMC-lər də var. Həmin vəsaitlər hesabına İ.Dəmirovun Dubayda “Al Faydah Foodstuf Trading” LLC adlı şirkət açaraq böyük soyuducu sistemi qurduğu qeyd edilir.

DAD brendi MDB ölkələri yanaşı, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Asiya ölkələrinə məhsul ixrac edir. Şirkətin müəssisələri və bağları Quba və Qəbələ şəhərlərində yerləşir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən şirkətin layihələrini reallaşdırması üçün 10 milyon manat, o cümlədən Qubada şirkətin logistik mərkəzin tikilməsi üçün 4,4 milyon manat güzəştli kredit ayrılıb.

Qeyd edək ki, Şirzad Abdullayev hazırda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavinidir.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button