“Diqlas”ın zərəçəkənləri icra başçısı ilə görüşüb – 40 dəqiqəlik VİDEO


Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə martın 28-də görüş keçirilib.

Rayon icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov, sektor müdiri Tağı Tağıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev, vergilər nazirinin müşaviri Elçin Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov, Nizami rayon prokuroru Pərviz İbayev və rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov iştirak ediblər.

Görüşdə zərəçəkənlər icra hakiminin “istintaq bitdikdən sonra zərər ödənilməsinə baxılacaq” ifadəsi narazılıqla qarşılanıb. Sahibkarlar zərər məbləğinin dərhal ödənilməsini tələb ediblər.

Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov məlum hadisə ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin aidiyyəti qurumlara tapşırıqlarını zərərçəkən sahibkarlara çatdırmaq üçün sözü Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümova verib.

Hüseyn Mövsümov “Diqlas” ticarət mərkəzində yanğın başlanan andan hadisənin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ciddi nəzarəti altında olduğunu bildirib. Şöbə müdirinin müavini dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdıraraq qeyd edib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumların və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil ediləcək, ədalətli araşdırma aparılaraq hər bir sahibkara dəymiş zərər dövlət tərəfindən ödəniləcək.

Qeyd edək ki, zərərçəkən sahibkarlar martın 27-də də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən qəbul edilib və onların fikirləri dinlənilib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button