
DİN Xural TV-yə reaksiya verdi
DİN Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Xural TV-nin Youtube.com portalında yayımlanan “Siyasət meydanı” verilişinin 29.10.2021-ci il tarixli buraxılışında qonaq qismində iştirak edən Aydın Canıyev Kürdəmir Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları barəsində səsləndirdiyi iddiaların araşdırıldığını bildirib:
“A.Canıyev iddia edir ki, rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Famil adlı şəxs saxlanılsa da, ona bu maddəni satan Elvin adlı şəxs istintaq zamanı sərbəst buraxılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, həmin şəxsin sərbəst buraxılması ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən iyulun 17-də keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhəli bilinən rayonun Çöl-Ərəb kənd sakini Famil Abuşov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 6.32 qram marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı F.Abuşov narkotik vasitəni Səfər adlı şəxsdən aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Sabirabad rayon Suqovuşan kənd sakini Səfər Həsənov iyulun 18-də saxlanılaraq istintaqa cəlb edilib.
Saxlanılan zaman isə ondan 18 qrama yaxın marixuana aşkarlanıb. O ilkin ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və F.Abuşova da marixuana satdığını etiraf edib.
Hər iki şəxs barəsində Kürdəmir RPŞ-nin İB-də AR CM müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılıb və hüquqi qiymət verilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Bu müddət ərzində F.Abuşov barəsində başqa yerə getməməsi barədə iltizam tədbiri, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Oktyabrın 27-də rayon məhkəməsinin qərarı ilə F.Abuşov 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına, S.Həsənov barəsində isə 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Diqqətə çatdıraq ki, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər narkotiklərlə bağlı 92 fakt aşkar edilib. Onlardan 41 satış, 44 qanunsuz saxlama və 7 narkotik tərkibli bitkilərin kultivasiyası ilə bağlı olub. Hər bir fakta görə, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qətimkan tədbirləri görülüb”.



