Daha bir ictimai fəal həbs olunub

Yayımlandı: 16 Oktyabr 2023 11:32

Emin Axundov da söyüş söyməkdə ittiham edilir

Daha bir ictimai fəal polisə müqavimət ittihamıyla həbs olunub. Emin Axundova İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 1 ay inzibati həbs cəzası verilib.

Onun haqqında bu qərarı Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev çıxarıb.

İddia olunur ki, Emin Axundov küçədə söyüş söyüb, polis onu sakitləşdirməyə çalışıb. Lakin o, əksinə, bundan əsəbiləşib, polisin özünü təhqir edib. Bu səbəbdən Binəqədi rayonu, 5-ci polis bölməsinə gətirilib. Orada haqqında inzibati xəta protokolu tərtib edilib. Ardınca Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Binəqədi Rayon Məhkəməsi. Foto: Azərtac

1988-ci il təvəllüdlü Emin Axundov sosial şəbəkələrdəki paylaşımlarında hökumətin siyasətini tənqid edirdi.

Son bir ay ərzində Azərbaycanda 20-yə yaxın ictimai-siyasi fəal həbs olunub. Onların bəziləri haqqında cinayət işi başlanıb. Bir çoxuna polisə müqavimət ittihamıyla inzibati həbs cəzası verilib.

Həbs olunan fəallar özlərini təqsirli bilmir, şərləndiklərini bildirirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button