
Daha bir ictimai fəal narkotik maddə ittihamı ilə saxlanıb
İctimai fəal İlhamiz Quliyevin saxlanıldığı bildirilir.
Fəalın yaxınları “Turan”a deyiblər ki, o dekabrın 4-də evinin yaxınlığında saxlanıb:
“Saxlananda İlhamiz zorakılığa məruz qalıb. Onu sürüyə-sürüyə maşına aparıblar, başından vurublar”.
Onların sözlərinə görə, İ.Quliyev artıq bir neçə gündür ki, izlənilirdi:
“İlhamiz oktyabr ayında polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs olunmuşdu. Bundan əvvəl isə o, “Abzas Media”ya keçmiş polis işçisi kimi narkotiklə bağlı müsahibə vermişdi. Yəqin indiki məsələ də həmin müsahibə ilə bağlıdır”.
Vəkil Zibeydə Sadıqova da agentliyə İlhamiz Quliyevin şübhəli şəxs qismində saxlanıldığını söyləyib:
“O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə,… daşıma ) ilə şübhəli şəxs qismində saxlanılıb. Hazırda Yasamal Rayon Polis İdarəsində saxlanır. İ.Quliyev özünü təqsirli bilmir”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Həmin maddə üzrə şəxsə 3 ilə qədər həbs cəzası verilə bilər.



