
Dənizdəki partlayış palçıq vulkanına daha çox bənzəyir –
Qurban Yetirmişli deyir
“Xəzər dənizində baş verən partlayış palçıq vulkanı püskürməsinin əlamətidir”. Bunu Musavat.com-a Azərbaycan Seysmoloji Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
Mərkəz rəhbəri bildirib ki, Azərbaycana məxsus heç bir neft-qaz platformasında, borusunda, gəmi və tankerlərdə qəza hadisəsi qeydə alınmayıb.
Q.Yetirmişlinin sözlərinə görə, palçıq vulkanları əksər hallarda alovlu püskürmə ilə başlayır: “Torpağın altında yığılan qazlar alov şəklində püskürür, qısa müddətdən sonra isə ardınca palçıq çıxmağa başlayır. Dənizdəki son hadisə zamanı da partlayış və alov 25-30 saniyə davam edib. Bakı ətrafında quruda bir sıra hallarda belə alov 150-200 metr yüksəyə qədər qalxır. Belə püskürmələr Xəzər dənizinin sahilə yaxın hissələrində də baş verir. Yəni ilk dəfə baş verən hal deyil”.
Mərkəz rəhbəri onu da qeyd etdi ki, platforma, quyu, tanker, gəmi və sair obyektlərdə belə alovlu partlayışa səbəb olan qəzalar qısa müddətə aradan qalxmır: “Belə hallarda yanğın uzunmüddətli olur. Qeyd etdiyim kimi, rəsmi qurumlar hər hansı qəza olmadığını deyirlər. Demək ki, palçıq vulkanının püskürməsi ehtimalı çox böyükdür. Bizim ilkin rəyimiz budur, yəqin ki, sabah tam dəqiqliyi ilə aydın olacaq hər şey”.



