
Cəbhəçi sosial şəbəkədə yazdığına görə polisə aparılıb
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Emin Axundovun oktyabrın 31-də saxlanıldığı bildirilir.
Fəalın atası Xalid Axundov deyib ki, dünən saat 19:30 radələrində Abşeron rayonu Polis Şöbəsindən iki nəfər evlərinə gəlib: “Oğlumu axtarırdılar. Aparanda dedilər ki, xırda bır məsələdir, narahat olmayın buraxacağıq, amma hələ də Emindən bir xəbər yoxdur”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev noyabrın 1-də “Turan”a bildirib ki, E.Axundov sosial şəbəkədə yazdığı statusa görə polisə dəvət olunub: “Məlum olub ki, yazdıqlarının heç bir hüquqi əsası yoxdur. Hazırda araşdırma gedir”.
E.Axundovun konkret hansı statusuna görə polisə çağırıldığı açıqlanmayıb.
Hazırda AXCP-nin bir neçə üzvü uzunmüddətli həbsdədir. Onlar ayrı-ayrı cinayətlərdə ittiham edilsələr də, partiya bu həbsləri siyasi sayır. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.



