
COP29 başlayır
Bu gün, noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.
Bakı stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
Təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.
1992-ci ildə Rio-de-Janeyroda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası imzalanıb. Bu tədbir qurumun İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) nəzdində keçirilən illik BMT konfransıdır. Bundan əvvəl COP28 2023-cü il noyabrın 30-dan dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçirilib.
COP29 ərəfəsində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları mövzusunu gündəmə gətiriblər. Həmin təşkilatlar ölkədə diqqəti siyasi məhbus sayılan şəxslərə yönəldərək onları azad etməklə bağlı çağırışlar səsləndiriblər. Azərbaycan hökumətinin təmsilçiləri isə belə açıqlamaları və bu yöndə səslənən tənqidləri qarayaxma kampaniyası sayırlar. Onlar ölkədə insan haqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmirlər.
Ölkə müxalifəti isə hökumət rəsmiləri ilə razılaşmırlar. Bugünlərdə müxalifətdə olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyanat yayaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edib. Onlardan başqa III Respublika Platforması da COP 29 ərəfəsində verdiyi bəyanatda insan haqları mövzusuna toxunub. Bildirilib ki, Azərbaycan siyasi səhnəsinin ilk və yeganə yaşıl gündəliyə malik siyasi təşkilatı olan Platformanın lideri Akif Qurbanov və Qurucu Heyət üzvü Ruslan İzzətli siyasi motivli cinayət işləri üzrə 2024-cü ilin martından etibarən haqsız yerə həbsdə saxlanılırlar.
Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər və ittihamları qurama sayırlar.
“COP29 iştirakçıları iqlim siyasəti ilə insan hüquqlarının ayrılmaz beynəlxalq hüquq öhdəlikləri olduğu çərçivəsini real və praktik mənada qəbul etməli, müvafiq olaraq COP29 çərçivəsində addımlarını bu çərçivədə həyata keçirməlidir”, – bəyanatda vurğulanır.
Azərbaycandakı müxalif qurumların açıqlamasına görə, hazırda ölkə həbsxanalarında 300 civarında siyasi məhbus var. Amma rəsmilər bunu qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.



