
Çin vətəndaşının Vahid Mustafayevə məxsus mağazadan saat oğurladığı iddia olunur
Yayımlandı: 11 Oktyabr 2024 16:01
Oğurlanan saatın 330 min manat qiyməti varmış
ANS teleradio şirkətinin keçmiş rəhbəri Vahid Mustafayevə məxsus mağazadan 330 min manat dəyərində saat oğurlanıb. Hadisə oktyabrın 9-da Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, bahalı saatların satıldığı “VMF Continental” mağazasında baş verib.
Axşam saat 17.00 radələrində müştəri kimi mağazaya gələn bir nəfər əcnəbinin “Breguet” markalı saatı oğurlayıb apardığı iddia olunur.
Kamera görüntülərinə baxılandan sonra həmin şəxsin kimliyi müəyyənləşdirilib və saxlanılıb.
Məlumata görə, şübhəli şəxs qismində saxlanılan Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomindir.
Onun haqqında cinayət işi başlanıb. Əcnəbiyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.



