
Cəbhəçinin 30 sutka həbs edildiyi deyilir
Oktyabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ramin Əhmədovun inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna həmin partiyadan məlumat verilib.
AXCP-dən deyilib ki, R.Əhmədov səhər saatlarında Bakıda evdən çıxarkən saxlanılaraq polis bölməsinə gətirilib: “O özü zəng vuraraq bölmədə olduğunu deyib. Axşam saatlarında Ramin bəyi Binəqədi rayon Məhkəməsinə aparıblar və 30 sutka müddətinə həbs ediblər”.
Partiyadan qeyd olunub ki, R.Əhmədovun hansı maddələrlə həbs olunduğu, hələlik, bəlli deyil: “Vəkil məhkəmə qərarını götürəndən sonra bəlli olacaq. Amma dəqiq odur ki, Ramin bəy öz fəaliyyətinə görə həbs olunub”.
Bu deyilənlərə Daxili İşlər Nazirliyi və Binəqədi rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.
Son həftələr Azərbaycanda polisin qanuni tələbini yerinə yetirməmə ittihamı ilə inzibati qaydada bir neçə müxalif fəal sutkalıq həbs edilib. AXCP-nin isə hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə həbs olunduğunu bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı bəyanatları qəbul etmirlər.



